12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda bu turistlik məkanlara daha çox üstünlük verilib

Dövlət Turizm Agentliyi tərəfindən sosial media istifadəçilərinin ölkə üzrə üstünlük verdiyi turistik məkanların “turizm xəritəsi”nin müəyyənləşdirilməsi, həmin məkanlar haqqında məlumatlılıq və aktuallıq səviyyəsinin yoxlanılması məqsədilə “Instagram” sosial şəbəkəsinin 2018-2021-ci illəri əhatə edən təhlil nəticələri üzrə hesabat hazırlanıb.

DTA-dan bildirilib ki, araşdırma 70 fərqli məkan üzrə paylaşımların sayı, bəyənilmə statistikası, dil faktoruna əsasən səyahət istiqamətlərinin və səfərlərin mövsümiliyinin aşkar edilməsini və müvafiq olaraq proqnozlar verilməsini hədəfləyir.

Araşdırmada seçilmiş məkanlar təbiət, xüsusi maraq və şəhər təcrübəsi, sağlamlıq, mədəniyyət və tarix kimi 4 kateqoriya əsasında təsnifatlaşdırılıb.

Paylaşım sayına görə təbiət kateqoriyası 43.8%-lə birinci sırada, 38.7%-lə xüsusi maraq və şəhər təcrübəsi ikinci sırada, 12.79%-lə mədəniyyət və tarix üçüncü sırada, 4.7%-lə isə sağlamlıq kateqoriyası dördüncü sırada qərarlaşıb.

Mövsümə uyğun təsnifatlaşdırmaya əsasən yaz və qış mövsümü üzrə edilmiş paylaşımlarda xüsusi maraq və şəhər təcrübəsi, yay və payız mövsümündə olan paylaşımlarda təbiət kateqoriyası üstünlük təşkil edir.

Təhlilə əsasən yay aylarında təbiət kateqoriyasında yer alan məkanlarda həyata keçirilən paylaşımların qış aylarından 4 dəfə daha çox olduğu müəyyənləşib. Oxşar göstəricilər mədəni və tarixi turizm məkanlarında da qeydə alınıb ki, bu destinasiyaların da yaz və yay mövsümlərində daha çox turistlər tərəfindən ziyarət olunduğu müşahidə edilir.

Paylaşımların 79%-ə yaxını Azərbaycan dilində, daha sonra isə ingilis, rus, fars, ispan, italyan və digər dillər üzrə edilib.

Təhlillər nəticəsində müəyyən olunub ki, əcnəbi turistlər arasında xüsusi maraq və şəhər təcrübəsi üzrə turlara maraq digər kateqoriyalara nisbətən daha yüksəkdir ki, bu da həmin istiqamətdəki paylaşımların təxminən 48%-ni əhatə edir.

Tədqiqat nəticələrinə əsasən müvafiq olaraq 21%, 19%, 18% və 12% göstəricilərlə Göygöl, Lerik, Qəbələ və Quba təbiət kateqoriyası üzrə ilk sıralardadır. Paylaşımlara əsasən ən populyar şəhərlər Bakı (63 min), Qəbələ (50 min), Qusar (30 min), Lerik (22 min) və Qubadır (20 min).

Qeyd edək ki, turizm potensialının düzgün təhlili və yeni imkanların araşdırılması, o cümlədən marketinq fəaliyyətinin həyata keçirilməsi üçün instaqram sosial şəbəkəsinin təhlili son dövrlərdə beynəlxalq təcrübədə geniş istifadə olunmağa başlanılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər