10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bütün hotellər ulduz almalı olacaq – Bəs ulduzu necə ala bilərlər?

Dünya üzrə hotellərin təsnifatındakı ulduz sayı maksimum 5 olsa da, hotelin şəraitinin və göstərilən xidmətin çox yüksək səviyyədə olduğunu göstərmək üçün istər qonaqlar, istərsə də jurnalistlər tərəfindən və ya bəzi hotellər daha yüksək standartlara malik olduqlarını iddia etdiklərinə görə  5*+, 5* lüks, 6* (“Raffles Hotel” (Türkiyə), “The Oberoi Udaivilas” (Hindistan), “The Connaught Hotel” (Böyük Britaniya), “Mandarin Oriental” (Tayland), “The Peninsula” (Çin), “Waldorf Astoria Shanghai” (Çin)) və hətta 7* (“Signiel Seoul” (Cənubi Koreya), “Hotel President Wilson” (İsveçrə), “Burj Al Arab” (BƏƏ), “Pangu 7 Star Hotel” (Çin), “Laucala Island Resort” (Fici adaları) kimi etiketlənir. “Emirates Palace” (BƏƏ) və “Taj Falaknuma Palace” (Hindistan) bəzən 6*, bəzən 7* kimi təqdim olunur.

Bir sıra ölkələrdə bəzi yüksək keyfiyyətli otellər vergi endirimlərinə görə bilə-bilə reytinqlərini 5*-dan 4*-a endirirlər və əksinə, daha çox müştəri cəlb etmək üçün özünü daha yüksək kateqoriyada göstərən bir çox otel fəaliyyət göstərir.

Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə bəzi otellər ulduz dərəcəsi üzrə sertifikatlaşdırılmayıb. Qeyd edək ki, 2015-ci ildə turizm sahəsində lisenziyalar ləğv olunub. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin otellərə ulduz sertifikatlarının təqdimat mərasimində çıxışı zamanı demişdi: “Bu şəraitdən sui-istifadə edənlər də az olmadı. Eləcə də bir sıra hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlər üst-üstə düşmədi. Bəzi hallarda isə ulduzlaşma ümumiyyətlə aparılmadı.”

Milli Məclisdə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilmiş “Turizm haqqında” qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə etməlidir. Mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçirilir. Həmçinin qanun layihəsində qeyd olunur, mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları bu Qanunun 9.1-ci  maddəsinə uyğun olaraq müəyyən edildiyi tarixdən 15  (on beş)  gün müddətində Reyestrə daxil etməlidirlər.

Banker.az hotellərin ulduz almaq üçün keçməli olduqları prosedurları araşdırıb təqdim edir.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Turizm Bürosu (ATB) və Azərbaycan Hotel Assosiasiyası (AHA) arasında Milli Hotel Ulduz Təsnifatı sisteminin qurulması və tətbiqi haqqında müqavilə imzalanıb. Həmin ilin dekabrında isə Azərbaycan Akkreditasiya Mərkəzi ATB-ni ölkəmizdə yerləşən hotellərin ulduz təsnifatını təmin etmək üçün sertifikatlaşdırılmış təşkilat kimi akkreditasiya edib. AHA Milli Hotel Ulduz Təsnifatına rəhbərlik etmək üçün ATB tərəfindən təyin edilib. 2021-ci ildə ölkə üzrə 43 hotel milli ulduz təsnifatından keçib, 17 hotel rəsmi sertifikat alıb. Sertifikat 3 il müddətinə verilir.

Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi AHA tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının – “Hotelstars Union”-un təsnifat meyarları əsasında hazırlanıb və ölkəmizdə fəaliyyət göstərən hotellərdə xidmət, infrastruktur və avadanlıqların keyfiyyət səviyyəsinin meyarlar əsasında təsdiqlənməsi, beləliklə də, qonaqlara hotellərdə təklif olunan müvafiq xidmət səviyyəsinin təmin olunmasını şərtləndirir. Bu təsnifat sistemi rəsmi xarakter daşıyır, qonaqlara Avropada da tətbiq olunan və aydın şəkildə müəyyən edilmiş standartları təqdim edir, eyni zamanda hotellərə özlərini bazarda aydın şəkildə mövqeləndirməyə imkan verir. Bundan əlavə, hotellər AHA, ATB və “Hotelstars Union” birliyinin marketinq və ictimaiyyətlə əlaqələr fəaliyyətlərindən də faydalanacaqlar.

Necə müraciət etməli?

Milli Ulduz Təsnifatından keçmək üçün hotel nümayəndəsi (sahibi)  AHA-nın  veb-saytı və ya rəsmi elektron poçt vasitəsi ilə müraciət etməlidir.

Hansı sənədlər tələb olunur?

Hotelin nümayəndəsi (sahibi) ərizə və “Hotelin texniki vəziyyəti və təhlükəsizliyi barədə qeydlər forması”nı dolduraraq, lazımi sənədləri göndərməli və yoxlama zamanı əslini təqdim etməlidir. Təsnifat prosesi zamanı vergi ödəyicisinin qeydiyyat şəhadətnaməsi, gigiyena və epidemiologiya mərkəzindən arayış, yanğın təhlükəsizliyi sertifikatının tam şəkildə təqdim edilməsi tələb olunur. Xüsusi vəziyyətdən asılı olaraq, digər sənədlər də tələb oluna bilər.

Yoxlama necə həyata keçirilir?

Sənədlər təqdim olunduqdan sonra təsnifatı həyata keçirən auditor hotel nümayəndəsi ilə görüş üçün birbaşa əlaqə saxlayır. Hotel ən azı biri lisenziyalı olan iki auditor tərəfindən yoxlanılır. Auditorlar bütün müəssisəni ziyarət edir, onlayn qiymətləndirmə aparır və sonra təsnifatın xülasəsini hotel nümayəndəsinə (sahibinə) təqdim edirlər. Təsnifat zamanı uyğunsuzluqlar aşkar edilərsə, uyğunsuzluqları aradan qaldırmaq üçün 3 aydan 6 aya qədər müddət verilir. Yoxlamadan sonra auditorlar hotel tərəfindən tətbiq olunan kateqoriyaya uyğunluğunu müzakirə etmək üçün hesabatı Keyfiyyət və Qərəzsizlik komissiyasına təqdim edirlər və əgər tələblər yerinə yetirilməyibsə, hotelə yazılı bildiriş göndərilir. Hotel nümayəndəsi (sahibi) verilən qərarla razılaşmadıqda müstəqil apelyasiya komitəsinə müraciət edə bilər. Apellyasiya Komitəsinin qərarından asılı olaraq, hotel yenidən yoxlanıla bilər.

Hotel təsnifatı 247 meyar əsasında müəyyən olunur. Həmin meyarlar aşağıdakı qruplarda birləşirlər:

  • ümumi təəssürat (təmizlik/gigiyena, saxlanma şəraiti, işçi heyəti, avtomobil dayanacağı, əlilliyi olan insanlar üçün xüsusi şəraitin mövcudluğu);
  • qəbul şöbəsi (resepşn) və qonaqlara xidmət (resepşn ərazisi, otaqların təmizlənməsi/çamaşırların dəyişilməsi, çamaşırxana və ütü xidməti, nağdsz ödəniş, digər xidmətlər);
  • otaqlar (otaq haqqında ümumi məlumat, yatma rahatlığı, yatağın eni və uzunluğu, otaq əşyaları, seyflər, səsə nəzarət/havalandırma, elektronik əyləncə vasitələri, telekommunikasiya, vanna otağı haqqında ümumi məlumat və s.);
  • qastronomiya (içkilər, bar, səhər yeməyi, yemək);
  • tədbir keçirmə imkanları (banket seçimləri, konfrans otaqları);
  • fiziki aktivlik və uşaqlar (idman, spa, uşaqlar üçün xidmətlər və s.);
  • keyfiyyət və onlayn fəaliyyət (keyfiyyət yoxlama sistemləri və s.).

Rüsum nə qədərdir?

Hotellərə ulduz verilməsinə görə rüsum 800 manatdan başlayır. Rüsumun məbləği hotelin otaq sayı və ulduz dərəcəsindən asılıdır. AHA-nın veb-saytında “Milli Ulduz Tənifatı üçün müraciət et” bölməsi vasitəsi ilə hotel məlumatları göndərildikdən sonra tələb olunan rüsumun məbləği müəyyənləşir. Qeyd edək ki, karantin rejimi ilə əlaqədar olaraq, rüsumla bağlı güzəştlərin müddəti 1 yanvar 2022-ci il tarixində başa çatır.

Son xəbərlər
Digər xəbərlər