Cinayət-Prosessual Məcəllənin cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinə dair müddəalarında dəyişiklik ediləcək.
Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.
Cinayət-Prosessual Məcəlləyə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır.
Xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycanda axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir.
Baş prokuror və ya onun müavini xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, bu məlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin sonuncu yaşayış yeri üzrə, hökmün və ya digər yekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakın yerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir.
Yeni qərara görə isə, yuxarıda nəzərdə tutulan “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışları, həmçinin “cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan” ifadəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğunlaşdırılması məqsədilə həmin maddələrdə müvafiq dəyişikliklərin edilməsi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə edilib.






