“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədinə alternativ olan yeni avtomobil yolunun çəkilişi davam etdirilir.
Banker.az bildirir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli məlumat verib.
Xəzər sahilindən keçən 4 hərəkət zolaqlı yol…
A.Nəcəflinin sözlərinə görə, 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 metr, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək:
“M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayır, uzunluğu 92 kilometrdir. Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.
Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. Yolun keçəcəyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığında yerləşir”.
“İşlərin müəyyən hissəsi icra olunub”
Şöbə müdiri qeyd edib ki, aparılan tikinti işləri çərçivəsində beton yolda mövcud sement-beton örtüyü sökülüb sahədan kənarlaşdırılıb, köhnə asfalt frezlənib. O bildirib ki, yeni inşa edilən yol 92 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Şabran rayonu Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək:
“Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək. Ümumilikdə sözügedən hissədə 8 qovşaq və yol ötürücü körpünün, 16 hidravlik və kanal körpüsünün, kəndlərarası düzbucaqlı 2 yolaltı keçidin, 3 kiçik düzbucaqlı boru və 190 m uzunluğunda müxtəlif diametrlərdə dairəvi beton suötürücü borular, həmçinin 2708 m uzunluğunda, 500 mm diametrdə dəmir borular və digər beton qurğuların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi icra olunub.“
“Yol 2021-ci ilədək istifadəyə veriləcək”
Şöbə müdirinin sözlərinə görə, yolun 2021-ci ilədək istifadəyə verilməsi və ödənişli olması nəzərdə tutulub. A.Nəcəfli tikinti işlərinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparıldığını vurğulayıb:
“Layihə sənədlərinin hazırlanması, məsləhətçi xidmətlərinin yerinə yetirilməsi, tikinti-quraşdırma işlərinin hansı mərhələdə olması, həmçinin layihədə qarşıya çıxan problemlərin həlli yollarının axtarılması və aradan qaldırılmasının işçi qaydada həll olunması məqsədi ilə mütamadi olaraq Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi ilə tikinti meydanındaca yolun tikintisini və layihələndirilməsini həyata keçirən podratçı və layihəçi şirkətlərin nümayəndələrinin iştirak etdiyi iclaslar keçirilir”.
Qeyd edək ki, 2005-ci ildə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır. Dəhlizin Azərbaycan ərazisindən keçən avtomobil yollarının uzunluğu 520 kilometrdir. Bunlardan, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yolun uzunluğu 208 kilometr, Bakı-Ələt-Astara yolunun uzunluğu isə 312 kilometr təşkil edir.
Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.
Xatırladaq ki, 7 dekabr 2017-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.