“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Hövsan yolunun başlanğıc hissəsində, Baku-Bus MMC-nin yaxınlığında istehlakçılar üçün sıxılmış təbii qaz (STQ – beynəlxalq miqyasında CNG, yəni “Compressed Natural Gas”) məntəqəsini istifadəyə verib.
“SOCAR PETROLEUM”dan Trend-ə verilən məlumata görə, bununla da şirkət Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq müştərilərə qiymət baxımından daha sərfəli olan alternativ nəqliyyat yanacağı kimi STQ satışına başlayıb. Yanacağın bir kubmetri 0.45 AZN təşkil edir.
Avqust-sentyabr aylarından başlayaraq “SOCAR PETROLEUM”a məxsus Sabunçu rayonu, Sabunçu dairəsinin cənub-qərb hissəsindəki, Xətai rayonu, Babək prospektidəki, Nobel prospektindəki, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfindəki yanacaqdoldurma məntəqələrində STQ-ın satışı həyata keçiriləcək. Cari ilin sonunadək bu sıraya Bibiheybət məscidinin yanındakı, Bakı-Salyan şosesinin 70-ci km-dəki, Bakı-Qazax yolunun sağ tərəfindəki, Bakı-Salyan şosesinin 70-ci km-dəki, Bakı-Ələt yolunun sol tərəfindəki, Bakı-Quba yolunun 28-ci km-dəki, yolun sağ tərəfindəki yanacaqdoldurma məntəqələri də əlavə olacaq.
Yeni alternativ yanacaq növünün təqdim etməkdə məqsəd sənaye, inşaat, turizm, təchizat kimi sektorlarda fəaliyyət göstərən qurumların yanacaq ehtiyaclarını ən ekonomik formada qarşılamaqdır: “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Bu baxımdan iqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması istiqamətində atılan addımlardan biri də STQ-ın istehsalının, satışının və istifadəsinin “SOCAR PETROLEUM” QSC tərəfindən həyata keçirilməsidir.”
Hazırda Bakı şəhərində ictimai nəqliyyat fəaliyyəti göstərən “BakuBus” MMC-yə məxsus “IVECO” markalı müasir tipli nəqliyyat növü olan avtobuslar “SOCAR PETROLEUM” QSC-nin Zığ-Hövsan Terminal stansiyasında istehsal olunmuş STQ ilə işləyirlər.
Qeyd edək ki, ənənəvi yanacaq növlərindən fərqli olaraq STQ neft deyil, təbii qaz əsasında istehsal olunur. Bununla da təhlükəsiz və ekoloji baxımından təmiz olan STQ yanacağı ənənəvi yanacaq növlərindən həm də qiymət baxımından daha sərfəlidir. Mütəxəssislərin hesablamalarına görə, STQ ilə işləyən avtomobillərin yanacaq sərfiyyatı hər 10 min kilometr məsafə üçün 600 manat vəsaitə qənaət etməyə imkan verə bilər. STQ-yə keçid xərclərini də nəzərə alanda, bu, xüsusilə böyük avtomobil parkına sahib olan şirkətlər üçün daha aktualdır. Nəticədə bununla daşınma məsrəflərinin ümumi xərclərdəki payını azaltmaq mümkündür. Eyni zamanda, ölkəmizin böyük həcmdə olan təbii qaz ehtiyatları STQ-ın yaxın gələcəkdə alternativ mühərrik yanacaq növü olaraq daha geniş tətbiqinə şərait yaradır.
STQ həmçinin, yanacağın ənənəvi növlərindən zəhərli tullantılarının miqdarının daha az olması ilə fərqlənir. STQ-nin istifadəsi zamanı dəm qazının miqdarı 90 faiz, karbon dioksid isə təxminən 24 faiz daha azdır. STQ-nin tərkibində azot və kükürd olmadığı üçün müvafiq təhlükəli tullantıları da yoxdur.
Beynəlxalq araşdırmalara əsasən, hazırda dünya miqyasında STQ digər yanacaq növləri ilə müqayisədə yeni mühərrik yanacaq növü kimi olduqca fəal tətbiq olunmaqdadır. Beynəlxalq təcrübəyə nəzər salsaq STQ-ın ən çox istifadə edildiyi ölkələrin sırasında İran, Çin, Hindistan, Rusiya, İtaliya, Avstriya, Almaniya və digər Avropa ölkələrini görmək olar. Bununla da dünyada təbii qazla işləyən nəqliyyat vasitələrinin sayı 20 milyona yaxın, yanacaq doldurma stansiyalarının sayı isə 20 mindən çoxdur.