“Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə də 2003-cü ildən başlayaraq böyük iqtisadi inkişaf yolu keçib. Bu illər ərzində ölkə iqtisadiyyatı 3,3 dəfə, qeyri-neft, qaz sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 3 dəfə artıb”.
Bunu Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsinin birgə konfransında çıxış edən Komitə sədri Tahir Budaqov bildirib.
Onun sözlərinə görə, 2015-ci ildən başlayaraq ölkədə milli statistika sisteminin inkişafı üçün çox böyük işlər görülüb: “Dövlət başçısının tapşırığı ilə qarşıya qoyulan ən böyük məqsəd milli statistika sisteminin beynəlxalq standartlara, ən əsası Avropa standartlarına çatdırılmasıdır. Bununla bağlı Komitənin müraciəti əsasında 2016-2017-ci illər ərzində müxtəlif qurumlar, o cümlədən BMT-nin Statistika Komissiyası, Avropa Statistika Komissiyası və bir sıra beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanda milli statistika sisteminin auditi keçirilib və hesabat hazırlanıb. O hesabatda Azərbaycanın milli statistika sisteminin mövcud vəziyyəti və inkişaf etdirilməli olan sahələr müəyyən edilib. Azərbaycanın milli statistika sisteminin ümumilikdə Avropa standartlarına uyğun olduğu rəsmən təsdiq edilib”.
©APA