6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda elektron viza sisteminin coğrafiyasının genişləndirilməsi təklif olunur

Azərbaycanla Boliviya, Kamboca, Cibuti, Efiopiya, Qabon, Hindistan, Lesotho, Oman, Ruanda, Uqanda, Vyetnam arasında turist mübadiləsi zamanı elektron viza sistemi tətbiq edilir. Bu yaxınlarda isə Azərbaycan vətəndaşları Səudiyyə Ərəbistanına səfər edən zaman hava limanında elektron şəkildə viza almaq imkanı əldə ediblər.

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov açıqlamasında bildirib ki, elektron viza sisteminin tətbiqi turizm sektorumuz üçün əlavə üstünlük yaradır:

“Əvvəllər vizaların alınması üçün çox vaxt sərf olunurdu. Elektron viza isə vaxt itkisinin azaltması nəticəsində turist sayının artırmağa xidmət edir. Elə təbəqədən olan turistlərimiz var ki, onlar səfər etmək üçün son anda qərar verirlər. Elekron viza səfirliyə getmək, növbə gözləmək və digər vaxt itkisinə səbəb olan halların qarşısını alır. Ənənəvi viza proseduru əlavə xərclərə səbəb olur. Sənədləri digər ölkəyə kuryerin aparması, tranzit ölkədəki şirkətə xidmət haqqının ödənilməsi, poçt üzərindən sənədlərin göndərilməsi viza xərclərini artırır. Nəticədə tək viza xərclərinə görə turistlər 300-400 manat pul itirir ki, bu da sərfəli olmur. Bəzən bir ailənin 1 000-1 500 manat viza xərci olur. Xarici pasportun digər ölkəyə göndərilməsi, viza cavabının verilməsi də azı 3-4 həftə vaxt aparır. Elektron vizanın tətbiqi genişləndirilsə, yeni istiqamətləri kəşf edə bilərik”.

G.Qəhrəmanov qeyd edib ki, Azərbaycanla Tailand və Zənzibar arasında da elektron viza sistemi tətbiq edilərsə, məqsədəuyğun olar:

“Tailand əvvəllər bizim üçün məşhur istiqamət olub. Ölkəmizdə onların Fəxri Konsulluğu var idi və viza da rahat alınırdı. Pandemiyadan sonra Azərbaycanda həmin vizaların verilməsi dayandırıldı. Turistlər bundan haqlı olaraq narazıdır. Çünki Tailanda vizanın alınması üçün indi sənədlər Türkiyəyə göndərilməlidir. Bu da viza xərclərini artırır. Ümumilikdə hansısa istiqamətdə elektron viza sisteminin tətbiqi ora səfərləri artıra bilər. Məşhur turizm istiqamətləri hesab edilən Afrika ölkələri var ki, onlarla da elektron viza sistemini tətbiq etmək turist sayını artıra bilər. Çünki turistlər yeni istiqamətlər istəyir. Biz isə viza probleminə görə həmin istiqamətləri təklif edə bilmirik”.

Onun sözlərinə görə, turizm şirkətləri yeni istiqamətlərə turpaketlər satmağa, çarter uçuşlar həyata keçirməyə hazırdır: “Onlar bizə müraciət edərək Tailandla viza probleminin həll edilməsini xahiş edir və çarter reyslərini satmağa hazır olduqlarını bildirirlər. Bu məsələ hazırda müzakirə mövsusudur”.

Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev də ənənəvi viza proseduru zamanı vaxt itkisinin yaşandığının vurğulayıb:

“Elektron viza sistemi həm turistlərin, həm də turizm şirkətlərinin işini yüngülləşdirir. Turistlər üçün xaricə getmək daha əlçatan olur. Səfirliklərə ənənəvi yolla viza rəsmiləşdirilməsi üçün müraciət etdikdə vaxt itkisi ilə bərabər imtinalar da yaşanır. Digər tərəfdən, səfirliklərdə qeyri-iş günləri olduqda turistin aldığı səyahət sığortası, hotel və ya təyyarə biletinin vaxtı keçə bilir”.

R.Quliyev də hesab edir ki, elektron viza sisteminin coğrafiyasını genişləndirməliyik:

“Asiya ölkələri ilə elektron viza rejimində işləsək, bu, mütəmadi turist mübadiləsinin genişlənməsinə münbit şərait yaradar. Bu sistemi Avropa ölkələri ilə də tətbiq etsək yaxşı olar. Çünki bu ölkələrlə Azərbaycan arasında sürətli tələbə inteqrasiyası, turist mübadiləsi və iş adamlarının gediş-gəlişi var”.

Son xəbərlər
Digər xəbərlər