1 C
Baku
Saturday, December 14, 2024

Yeni fond yaradılması təklif olunur

Hazırda Azərbaycanın elektrik enerjisi sektoru maliyyələşdirmə problemi ilə üzləşib. Bu barədə energetika naziri Natiq Əliyevin Energetika Nazirliyinin yaradılmasının 15 illiyi münasibəti ilə “Respublika” qəzetində dərc olunan “Uğurlarla zəngin 15 il” başlıqlı məqaləsində qeyd edilib.

Nazir məqaləsində bildirib ki, elektrik enerjisinin mövcud pərakəndə satış qiyməti şəbəkənin fəaliyyəti üçün yetərli olsa da, şəbəkənin bərpası və genişləndirilməsi üçün nəzərdə tutulan zəruri işlərin maliyyələşdirilməsinə kifayət etmir.

“Azərbaycanda enerji daşıyıcılarının bolluğu uzun müddət səmərəliliyi arxa planda saxlasa da, hazırda bu sahəyə xüsusi diqqət yetirilməsinə ehtiyac var. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında qeyd edildiyi kimi, məqsədimiz 2020-ci ilə qədər bütün istehlakçıların tam və etibarlı elektrik enerjisi təchizatı ilə təmin olunmasıdır. Bu məqsədə nail olmaq üçün enerji daşıyıcılarının istehsalı, çatdırılması və satışı zamanı yol verilən itkilərin azaldılması, elektrik stansiyalarının faydalı iş əmsalının artırılması və şərti yanacağın azaldılması istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir. Enerji səmərəliliyi ilk növbədə köhnə elektrik enerjisi paylayıcı şəbəkəsinin bərpası və yenidən qurulması ilə bağlıdır, bu da elektrik enerjisi təchizatının etibarlılığını artıracaq, paylayıcı şəbəkələrdə itkiləri azaldacaq”, – deyə nazir qeyd edib.

N.Əliyev bildirib ki, enerji səmərəliliyi sahəsində fəaliyyətin stimullaşdırılması, innovasiyaların tətbiqi, yeni texnologiyaların və investisiyaların cəlb edilməsi və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması üçün inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması məqsədəuyğun olardı.

“Bu məqsədlə, müvafiq qərar və digər normativ hüquqi aktların layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Həmçinin, enerji səmərəliliyi sahəsində fəaliyyətin tənzimlənməsi məqsədilə bəzi digər qanunvericilik aktlarının layihələrinin hazırlanması üzrə işlər davam etdirilir. Enerji resurslarından səmərəli istifadə və son tələbatçıların enerji effektivliyi üzrə Dövlət Proqramının (2015-2025-ci illər) layihəsi də hazırlanıb”, – deyə N.Əliyev məqaləsində vurğulayıb.

Report

Son xəbərlər
Digər xəbərlər