2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda fevralın 1-dən yeni sayğacların istifadəsinə başlanılır

“Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən yeni növ, əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı sayğacların quraşdırılmasına başlayır.

“Azəriqaz”dan verilən məlumata görə, artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib. Birliyin Sayğacların tətbiqi və idarəedilməsi, nəzarət olunması şöbəsi qeyd edib ki, “Zenner” markalı qaz ölçü qurğularının 2020-ci ildə həm iş prinsipləri, həm də yerli proqram təminatına inteqrasiyası ilə bağlı aparılan sınaq işləri uğurla tamamlanıb.

Sabahdan etibarən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi mövcud qaydalara uyğun olaraq sayğac əvəzlənmələri zamanı yeni sayğaclardan istifadə ediləcək.

Şöbə rəisi Rövşən Məhyəddinovun sözlərinə görə ilk dəfə olaraq əvvəlcədən ödənişli qaz sayğaclarının proqram təminatı mövcud yerli proqram təminatına inteqrasiya olunub.

O, həmçinin qeyd edib ki, istifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün də yeni əvvəlcədən ödənişli sayğaclar quraşdırılacaq. Ümumiyyətlə, sayğac əvəzlənməsi zamanı seçim abonentin ixtiyarına buraxılacaq. Onun istəyindən asılı olaraq ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac quraşdırılacaq.

Qeyd edək ki, gələn həftə regionlarda da bu sayğacların quraşdırılmasına başlanılacaq. İlkin mərhələdə bu proses Gəncə və Ağsu şəhərlərində icra olunacaq.

Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriya sayım əməliyyatının olmaması və smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü göstərmək olar.

 

Son xəbərlər
Digər xəbərlər