10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda ilk dəfə Milli Etalon Bazası formalaşıb

Azərbaycan iqtisadiyyatının inkişafında başlıca sahələr olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sahələrini tənzimləyən qanunvericilik aktları Avropa tələblərinə uyğunlaşdırılıb, ölkə rəhbərliyi tərəfindən institusional islahatlar aparılıb, ölkədə ilk dəfə olaraq Milli Etalon Bazası formalaşıb.

Bunu Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının (Aİ) Tvinninq layihəsinin açılış mərasimində Komitə sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda icrasına başlanılan sayca III Tvinninq layihəsinin əsas məqsədi metrologiya sisteminin daha da təkmilləşdirilməsidir. Tvinninq layihəsinin keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, metrologiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Aİ və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi və metrologiya sistemi üçün təklif edilən hüquqi və tənzimləyici çərçivənin Aİ və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması kimi bir sıra komponentləri var.

“Qısa müddət ərzində qurulmuş infrastruktur və qanunvericilik bazası Azərbaycanın metrologiya sahəsində mövcud olan əsas beynəlxalq təşkilatlara üzvlüyünü təmin edib. Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatına (KOOMET) və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasında (EASC) təmsil olunan Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2015-ci ildən Çəkilər və Ölçülər üzrə Baş Konfrans (CGPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata (OIML) üzv olub”, – deyə R.Həsənov qeyd edib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda ölçmələrin vəhdətini və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işlər davam etdirilir: “Komitənin Milli Etalon Mərkəzində kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya dövlət etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür. Hazırda qaz qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm, yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon laboratoriyalarının yaradılması planlaşdırılır”.

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka və Almaniyanın Azərbaycandakı səfiri Heidrun Tempel metrologiya sahəsində Aİ siyasəti və beynəlxalq əməkdaşlıq haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, Aİ və SMPDK-nın birgə icrasına başladıqları Tvinninq layihəsi Çexiya Metrologiya İnstitutu (ÇMİ) və Almaniya Fiziki-Texniki İnstitutunun (PTB) yaratdığı konsorsium ilə əməkdaşlıq çərçivəsində icra olunacaq. İki il müddətində icra olunacaq layihənin əsas məqsədi metrologiya sahəsində standartlara, normalara və proseslərə dair Aİ və beynəlxalq təcrübəyə uyğun olaraq, metrologiya sisteminin inkişafı vasitəsi ilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir. Layihənin dəyəri 1, 2 mln. avro təşkil edir.

Report

Son xəbərlər
Digər xəbərlər