9 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda ilk dəfədir ki, büdcənin cari xərcləri vergi və gömrük gəlirləri hesabına qarşılanıb

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovla müsahibə:

– Sahib müəllim, 2024-cü il və sonrakı 3 ilin büdcə layihələrinin komitələrdəki müzakirəsi zamanı siz öz çıxışınızda qeyd etdiniz ki, gələn ilin büdcəsinin gəlir hissəsinin icrası üçün etibarlı zəmin yaradılıb. Belə deməyə əsas verən nələrdir?

– 2022-ci ildə dövlət vergi orqanları öz tarixində ilk dəfə dövlət büdcəsinə 15.543,0 milyon manat vəsaitin daxil olmasını təmin ediblər. Bununla da Dövlət Gömrük Komitəsinin büdcəyə köçürdüyü vəsaitlə (5654,6 milyon manat) birlikdə tarixdə ilk dəfə olaraq büdcənin cari xərclərinin dövlət vergi və gömrük orqanlarından daxilolmalar hesabına qarşılanması təmin olunub ki, bu da çox ciddi nailiyyətdir.

2023-cü ilin 9 ayı ərzində büdcəyə proqnozdan əlavə vergi daxilolmaları 723,5 milyon manat, o cümlədən qeyri neft-qaz sektoru üzrə proqnozdan əlavə vergi daxilolmaları 415,0 milyon manatdan çox olub. Bütün bunlar ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatların, o cümlədən vergi islahatlarının, şəffaflaşmanın nəticəsidir.

İqtisadiyyatımız dayanıqlı olaraq inkişaf edir, yeni sənaye parkları və sənaye məhəllələri, aqroparklar yaradılır, bərpaolunan enerji istehsalı sahəsində ilk uğurlu addımlar atılıb. Bütün bunlar nikbin olmaq üçün ciddi əsaslardır.

– Azərbaycan və Özbəkistan birgə, investisiya həcmi 104 milyon manat olan minik avtomobillərinin istehsalı kompleksini yaradır. Avtomobil istehsalı sahəsində ixtisaslaşmış böyük şirkətlər və ölkələr olduğu halda bu layihə niyə Özbəkistanla həyata keçirilir?

– Əvvala UzAuto Mərkəzi Asiya regionunda ən böyük avtomobil şirkətidir. 2021-ci ilin məlumatlarına əsasən, “UzAutoSanoat” Aksioner Cəmiyyətində 27 min nəfər çalışır, onunla əlaqəli sahələrdə 200 mindən çox yeni iş yerləri yaradılıb. Cəmiyyətin illik məhsul istehsalı 4,0 milyard ABŞ dollarından çoxdur ki, bu da Özbəkistanın ÜDM-nin 7,3%-ni təşkil edir.

İki il əvvəl Daşkənddə olarkən mən bu şirkətin 3 zavodunda və bu sahə üçün mütəxəssis hazırlayan universitetdə olmuşam. Qeyd etməliyəm ki, çox müasir zavodlardır və onları idarə edən mütəxəssislərin bir qismi Amerika, Yaponiya, İtaliya və başqa inkişaf etmiş ölkələrdə təhsil almış yüksək hazırlıqlı özbək mütəxəssizləridir. Kadr hazırlanması üçün İtaliyanın Turin Politexnik Universiteti ilə birgə Universitet yaradıblar. Yeri gəlmişkən, hazırda bizdə də ixtisaslı mühəndislərin hazırlanması üçün Turin Politexnik Universiteti ilə ADA Universiteti arasında akademik əməkdaşlığa başlanılıb. Özbəkistanda bu sahədə 200 min nəfərdən çox insanın çalışması texniki səviyyədə yeni bir ziyalı təbəqəsinin yaranmasına səbəb olub. ABŞ-nın məşhur General Motors şirkəti ilə birlikdə istehsal edilən geniş çeşidli avtomobillər ölkəyə böyük vəsait qazandırmaqla yanaşı, yeni ziyalı, mühəndis təbəqəsinin yetişməsində böyük rol oynayıb.

İstehsal olunan avtomobillərin 500 milyon ABŞ dollarından da çox bir hissəsi ixrac olunur.

Özbəkistanı Azərbaycana bağlayan mədəni, iqtisadi və tarixi kökləri də nəzərə almaq vacibdir. Özbəkistan Qarabağda, işğaldan azad olunmuş Füzulidə böyük bir məktəb tikib istifadəyə verib, bu təhsil ocağının açılış mərasimində Azərbaycan Prezidenti ilə bərabər Özbəkistan Prezidenti də iştirak edib.

Biz bu günə qədər iki ölkə ilə birlikdə İnkişaf Fondu yaratmışıq. Özbəkistanla 500 milyon dollarlıq, Qırğızıstanla isə 25 milyon dollarlıq. Bu da bizim iqtisadiyyatlarımızın gələcək inkişafında öz müsbət rolunu oynayacaq.

Məlumunuz olduğu kimi, Naxçıvanda “Nazlifan”, Neftçalada isə “Xəzər” avtomobil zavodları var idi. Özbəkistanlılar təklif etdilər ki, biz sizinlə birgə avtomobilin istehsalını təşkil edə bilərik. İki il əvvəl biz Hacıqabulda sənaye məhəlləsində bu işləri həyata keçirməyə başladıq. Bu zavodda keyfiyyət və qiymət baxımından münasib, geniş çeşidli avtomobillər istehsal ediləcək.

– Sahib müəllim, son dövrlər Azərbaycanın ixracının azalmasının səbəbi nədir?

– İxracın azalması əsasən neft sektorunda baş verir ki, bu da təbii bir prosesdir, yəni çıxarılan neftin həcmi azalır. Qeyri-neft sektoru üzrə məhsul ixracında isə əksinə artım müşahidə olunmaqdadır. Əvvəllər bizim qeyri-neft məhsulları ixracında kənd təsərrüfatı məhsulları üstünlük təşkil edirdi. Artıq Azərbaycanda ixracın strukturu dəyişir. Bu gün bizdə qeyri neft-qaz sahəsindəki ən əsas məhsulumuz elektrik enerjisidir. Təkcə cari ilin 9 ayında 330 milyon dollarlıq elektrik enerjisi ixrac etmişik. Kimya sənaye məhsullarının ixracında da artımlar var.

Yeri gəlmişkən, şərabçılıq sahəsinin potensialına da toxunmaq istəyirəm. Vaxtilə bu sahə tarixən ölkəmizin ən gəlirli sahələrdən biri olub. Ancaq Mixail Qorbaçovun anti-alkoqolizm siyasəti nəticəsində üzümçülük təsərrüfatları məhv edildi. 1983-cü ildə ölkəmiz 2 milyon tondan çox üzüm istehsal etmişdi. Belə bir məlumat var ki, 1984-cü ildə Azərbaycanın şərabçılıq məhsullarından aldığı gəlir, hətta neftdən aldığı gəlirdən də çox olub. Bizim ən böyük ixrac olunan şərabçılıq məhsulumuz bütün SSRİ məkanında məşhur olan “Ağdam” şərabı idi. SSRİ dağılandan sonra Baltikyani ölkələrdən biri “Ağdam´s” brendi adı altında şərab məhsulları istehsalına başlanılmışdı, ancaq bu uğursuz oldu. Artıq bu brendin bizə məxsus olması təmin edilib və gələcəkdə “Ağdam” şərab brendi altında məhsul istehsalı ilə bağlı təkliflər var.

İndi Azərbaycanda şərabçılıq məhsullarının istehsalı inkişaf edir, çox yüksək keyfiyyətli şərabçılıq məhsullarımız var. Lakin etiraf etməyə məcburuq ki, hələlik biz bu məhsulların istehsalında yalnız 1969-cu il səviyyəsinə çatmışıq. Ölkə başçısının tapşırıqlarınna uyğun olaraq bu sahəyə diqqət ildən-ilə artır və ümid etmək olar ki, yaxın gələcəkdə ciddi müsbət dəyişikliklərə baş verəcək.

– Gələcək lahiyələr və inkişaf prepektivləri barədə nə deyə bilərsiz?

– Bu gün Azərbaycanda iqtisadi inkişafla bağlı çox ciddi proseslər gedir. 2022-2026-cı illər sosial-iqtisadi inkişaf proqramı və milli priotetlər müəyyən olunub.

Diqqətinizi iki vacib məsələyə cəlb etmək istərdim.

Birinci məsələ, yaşıl enerji və hidrogen istehsalı ilə bağlıdır və bu işlərlə bağlı ilk uğurlu addımlar atılıb. 2030-cu ilə qədər istehsal ediləcək enerjinin 30%-ni yaşıl enerji təşkil etməlidir və bu sahədə bizim çox böyük ixrac potensialımız var.

Digər məsələ, Qarabağın işğaldan azad olunmuş ərazilərinin ölkə iqtisadiyyatına reinteqrasiyasıdır. Qarabağda iki sənaye zonası yaradılıb. Bunlar Ağdam Sənaye Parkı və Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıdır.

– Qarabağda torpaqların vətəndaşlara paylanılmasına başlanıbmı?

– Məndə olan məlumata görə, bu, hələlik müzakirə predmentidir. Təcrübə göstərdi ki, torpaqların bölgüsündə yeni yanaşmalardan istifadə olunmasına ehtiyac var.

Burdakı əsas problemlərdən biri torpaqların konsolidasiyası məsələsidir. Qeyd edim ki, 90-cı illərin əvvəllərində həyata keçirilmiş torpaq bölgüsü bir çox müsbət nəticələrlə yanaşı, bəzi problemləri də üzə çıxardı.

Məsələn bir necə vətəndaşın yanaşı torpaq sahələrində biri noxud , digəri pambıq, digəri isə başqa bir məhsul əkir. Nəticə isə bundan ibarətdir ki, həmin torpaqlardan səmərəli şəkildə istifadə etmək, yüksək məhsul əldə etmək mümkün olmur. Kənd təsərrüfat texnikasından istifadə, suvarma, müasir aqrotexniki qaydaların tətbiqi ilə bağlı bir çox suallar ortaya çıxır. Düşünürük ki, işğaldan azad olunmuş torpaqlarla bağlı bu sualların qarşısının vaxtında alınması mümkün olacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər