2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 1,6 faiz artıb. Bu, 2025-cü ilin ən yüksək artım dinamikasıdır. Halbuki, öncəki aylarda 1.3-1.5 faiz intervalında dəyişirdi.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bununla belə, iqtisadi artım tempi hələ də 2%-in altındadır.
Hesabat dövründə 116 milyard 320,1 milyon manat təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb.
ÜDM istehsalının 34,0 faizi sənaye, 10,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinə, 21,1 faizi digər sahələrə düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 11 356,4 manat olub.
“Fitch Solutions” (FS) analitik şirkəti 2025-ci ildə Azərbaycanda iqtisadi artımın 2,6 %, 2026-cı ildə 2,4 %, 2027-ci ildə 2,3 % olacağını proqnozlaşdırır. FS-in açıqlamasında bildirilir ki, iqtisadi fəaliyyətin böyük hissəsi neft-qaz sektoru ilə bağlıdır və neftin qiymətində gözlənilən dəyişikliklər bu sektorun gəlirlərinə təsir göstərə bilər. FS proqnozlarına görə, 2028-2034-cü illərdə iqtisadi artım 2,4-3,6 % arasında dəyişəcək, nominal ÜDM isə 2025-ci ildə 102,4 milyard ABŞ dollarından 2034-cü ildə 187,5 milyard ABŞ dollarına çatacaq.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ilin sonunda ölkənin ÜDM artımını 1,8 % səviyyəsində proqnozlaşdırır. Agentliyin hesablamalarına görə, ÜDM artımı 2026-cı ildə 1,7 %, 2027-ci ildə 2 %, 2028-ci ildə isə 2,1 % olacaq. Beləliklə, 2025-2028-ci illərdə orta illik artım 1,9 % təşkil edəcək. Nominal ÜDM 2025-ci ilin sonunda 130,4 milyard manata, 2026-cı ildə 137,1 milyard manata, 2027-ci ildə 144,6 milyard manata, 2028-ci ildə isə 152,3 milyard manata yüksələcək.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, ölkədə ÜDM 2025-ci ildə 3 %, 2026-cı ildə 2,9 %, 2027-ci ildə isə 3,3 % artacaq.
Beynəlxalq reytinq agentliklərinin proqnozları bir qədər fərqlidir: “S&P Global” 2025-2026-cı illərdə illik 2 % artım, “Fitch Ratings” 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,5 %, “Moody’s” isə 2,5 % artım gözləyir.
Digər beynəlxalq qurumlar da müxtəlif proqnozlar verib: Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illərdə müvafiq olaraq 3 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 2 %, 2026-cı ildə 2,5 %, Asiya İnkişaf Bankı isə 2,4 % və 2 % artım proqnozlaşdırır. Dünya Bankı 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 %, Niderlandın “ING Group” bank qrupu 2025-ci ildə 1,6 %, 2026-cı ildə 2,8 %, 2027-ci ildə isə 2 % artım gözləyir.








