2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 19 milyard 72.2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.2 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu öncəki ay – yanvarda 0.9 faiz azalma var idi.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, Beynəlxalq reytinq agentliyi “Moody’s”un proqnozuna görə, 2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 2.5 faiz artacaq. Azərbaycanda iqtisadi artım tempi 2026-cı ildə də eyni səviyyədə qalacaq. “S&P Global Ratings” isə 2025-ci ildə iqtisadi artım tempinin 2% səviyyəsində qalacağını proqnozlaşdırır, 2026-cı il üzrə gözləntilərini 1,5 %-dən 2 %-ə yüksəldib. Dünya Bankı Azərbaycanın iqtisadi armın 2025-ci ildə 2,7 %, 2026-cı ildə isə 2,4 % artacağını proqnozlaşdırır.
Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün açıqladığı Pul siyasəti icmalında bildirilir ki, 2025-ci ildə ümumi iqtisadi artımın 3.3%, qeyri-neft sektoru üzrə isə 5.2% olacağı gözlənilir.
Qeyri-neft sektorundakı artımın əsas səbəbi ev təsərrüfatlarının və dövlətin istehlak xərcləri olacaq. Bu proqnoz ötən ilin oktyabr ayında verilənlərlə müqayisədə 0.08 faiz bəndi artıb. Dəyişiklik qeyri-neft-qaz sektorunda artım proqnozunun təzələnməsindən qaynaqlanır. Neft-qaz sektoru üzrə artım proqnozu isə sabit qalıb və hökumətin rəsmi proqnozlarına əsaslanır. Qeyri-neft-qaz sektoru üzrə artım isə 5.1%-dən 5.2%-ə yuxarı doğru dəyişdirilib. Lakin tənzimləyici əlavə edir ki, 2025-ci ildə iqtisadi artım üçün əsas risk qlobal resessiya gözləntiləri fonunda ixrac və xarici investisiyaların məhdudlaşması ola bilər.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1.7 faiz artıb.
ÜDM istehsalının 38.5 faizi sənaye, 10.1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4.6 faizi tikinti, 2.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.9 faizi informasiya və rabitə sahələrinin, 22.0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10.6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1864,7 manata bərabər olub.