21 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda iqtisadiyyatın hansı sahələrində rəqəmsallaşma daha sürətlə gedir?

2020-ci ilin məlumatlarına əsasən, Azərbaycanda informasiya və rabitə sektorunun ÜDM-də payı 2 faiz olub. 2005-2019-cu illər ərzində informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda yaradılmış əlavə dəyər 320 mln. manatdan 1 mlrd. 279 mln. manata qədər artıb. Bu gün Azərbaycanda “bir pəncərə” sistemi ilə 450-dən çox dövlət xidməti elektron formada təqdim olunur. Ümumilikdə isə dövlət və özəl qurumlar tərəfindən 1 000-dən artıq e-xidmət təklif olunur. İKT sektoru strukturunda mobil telefon rabitəsi 41% payla birinci yerdədir və ölkənin 100%-i tam mobil şəbəkə ilə əhatə olunur. Son 7 il ərzində mobil elektron imza ilə 100 mln.-dan çox tranzaksiya həyata keçirilib ki, bununla da yüz milyonlarla iş saatına qənaət edilib.

Banker.az xəbər verir ki, bunu Rəqəmsal Ticarət Qovşağının rəhbəri Məsumə Talıbova “vergiler.az”a müsahibəsində bildirib.

O qeyd edib ki, dövlət idarəetməsinin rəqəmsallaşmasının sürətlə həyata keçirilməsi bir sıra önəmli dövlət layihələrini ərsəyə gətirib. Dövlət Nəzarəti İnformasiya Sistemi, Azərbaycan Rəqəmsal Ticarət Qovşağı, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, dövlət satınalmaları üçün elektron satınalma platforması, dövlət statistik məlumatların əldə edilməsi üçün e-sənəd dövriyyəsi sistemi, elektron məhkəmə sistemi, elektron səhiyyə xidməti, elektron təhsil, elektron sosial xidmətlər, əmlak və torpaqların elektron kadastrı və s. kimi rəqəmsallaşmış sahələrin yaradılmasını buna misal göstərmək olar.

İlk “Azerspace 1” peyki orbitə buraxıldıqdan sonra isə peyk rabitəsi xidmətlərinin göstərilməsinə başlanılıb. Bu fəaliyyət növü üzrə xidmətlərin göstərilməsində 2013-2019-cu illər arasında 8 dəfə artım olub.

Beynəlxalq səviyyədə ən öncül hesabatlardan hesab olunan Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” (GCI) hesabatı üzrə Azərbaycan cari ildə 15 pillə irəliləyərək 40-cı yerə yüksəlib. Ümumilikdə, ölkəmiz 89.31 xal ilə MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra 3-cü yerdədir. Ölkəmizin rəqəmsal həllər sahəsində sıx əməkdaşlıq etdiyi Estoniyanın cari il indeksi üzrə 3-cü yerdə olması da təsadüfi deyil. Rəqəmsallaşma ölkənin qlobal müstəvidə inkişafına, digər ölkələrlə inteqrasiyasına, beynəlxalq ticarətin və transsərhəd əməliyyatların həcminin artırılmasına da öz müsbət töhfəsini verir. BMT-nin “Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda Azərbaycan 2019-cu illə müqayisədə 5% artım nümayiş etdirərək ümumilikdə 86.02% göstərici ilə həm qonşu dövlətlər, həm də MDB ölkələri arasında 1-ci yerdə qərarlaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi transsərhəd ticarət prosedurlarının sadələşdirilməsinə gətirib çıxarıb, elektron və kağızsız ticarətin, xüsusilə də transsərhəd kağızsız ticarətin inkişafını stimullaşdırıb. Təsadüfi deyil ki, Azərbaycan reytinqin transsərhəd kağızsız ticarət alt indikatoru üzrə 2 il müddətinə 33% artıma nail olub və bu sahənin inkişaf sürətinə görə qlobal səviyyədə öncül mövqe tutub. Gömrük sahəsində aparılmış islahatlar – “Yaşıl dəhliz”, “Avtomatlaşdırılmış gömrük sistemi” və “Bir pəncərə” elektron sisteminin yaradılması, gömrük bəyannamələrinin və sertifikarların elektron formada təqdim edilməsi, eləcə də gömrük rüsumları və vergilərinin elektron qaydada ödənilməsi Azərbaycanda ticarət prosedurlarının sadələşdirilməsinə xidmət edir.

Beynəlxalq inteqrasiyalar nəticəsində qlobal trendlərə daha yaxın olmaq, onlara uyğunlaşmaq və onları daha çevik tətbiq etmək imkanı yarandığı kimi, rəqəmsallaşma səviyyəsinin artması da beynəlxalq inteqrasiyaları asanlaşdırır. Rəqəmsallaşmanın ölkənin inkişafındakı əhəmiyyətli rolunu nəzərə alaraq gələcəyə dair bütün strategiyalarda bu sahə prioritet olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, Qarabağın inkişaf strategiyasında işğaldan azad olunmuş ərazilərdə “smart city” və “smart village” tipli yüksək texnoloji infrastruktura malik şəhər və kəndlərin qurulması da var. Bu faktor iqtisadi inkişaf üçün çox önəmli addım kimi qiymətləndirilə bilər. Rəqəmsallaşmanın yüksək olması investisiya multiplikatorunu artıran amil olaraq daha çox investisiya cəlbinə səbəb olacaq və təkcə Qarabağ regionunun deyil, bütün ölkənin iqtisadi inkişafına təkan verəcək.

Məsumə Talıbova həmçinin bildirib ki, rəqəmsallaşma ilə paralel bu sahədə tələb olunan peşələrə uyğun kadrların hazırlanması önəmli məsələlərdəndir. Bu səbəbdən də rəqəmsal bacarıqlara malik kadr potensialının yüksəldilməsi istiqamətində dövlət səviyyəsində müxtəlif tədbirlərin aparılmasına başlanılıb. Özəl kurslarda müxtəlif rəqəmsal ixtisaslar üzrə kadr hazırlanması prosesi üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılıb, universitetlərdə rəqəmsal iqtisadiyyat, data analitikası, elektron kommersiya və s. kimi yeni ixtisaslar tədris edilir. İKT sahəsində son zamanlar daha çox tələbat artımı müşahidə olunan ixtisaslardan biri kibertəhlükəsizlikdir. Azərbaycanda da bu istiqamətdə işlər davam etdirilir. Görülən tədbirlər öz növbəsində Azərbaycanın bu sahədə inkişaf perspektivlərinin yüksək olduğu anlamına gəlir və gələcəkdə əhalinin məşğulluqla bağlı problemlə üzləşmək riskini azaldır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər