8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda iş adamları üçün yeni QANUN – Özəl şirkətlər zəmanətlə çalışacaqlar

Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ”Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən iclasda qanun layihəsinin əhəmiyyətindən söz açılıb, deputatlar təkliflərlə çıxış ediblər.

Bildirilib ki, sözügedən qanun dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, eyni zamanda sahibkarların üzləşdikləri bəzi problemlərin aradan qaldırılmasına səbəb olacaq.

Yeni qanundan gözləntilər barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, layihə qəbul edildikdən sonra özəl şirkətlər zəmanətlə çalışa biləcəklər:

“Azərbaycan iqtisadiyyatı elə mərhələyə gəlib çatıb ki, iri layihələrin həyata keçirilməsinə və bu layihələrin səmərəliliyinə nəzarət etməyə böyük ehtiyac var. Azərbaycana investisiya yatıracaq şirkətlərlə dövlət arasında olan münasibətlər tərəfdaşlıq səviyyəsində qanuniləşir. Yeni qanunda digər mühüm məqam özəl şirkətlərə müəyyən qarantların verilməsidir. Başda maliyyə qarantları olmaqla, digər qarantlarla şirkətlər çalışa biləcəklər. Əlavə olaraq şirkətlərin gördüyü işlərin keyfiyyəti, səmərəliliyi və digər məsələlər nəzarətdə olacaq”.

Deputatın sözlərinə görə, bu məqsədlə xüsusi komissiya fəaliyyətə başlayacaq:

“Bu komissiyanı dövlət başçısı çox güman ki, İqtisadiyyat Nazirliyinin tərkibinə verəcək. Komissiya qanundan irəli gələn bütün proseslərə nəzarət edəcək. Nəticədə iri layihələr həyata keçiriləcək. Türkiyə və Rusiyada da belə qanunauyğun layihələr həyata keçirilib. Məsələn, Türkiyədə hava limanı beynəlxalq bankın köməyi ilə tikilib, istifadəyə verilib. Dəyəri təxminən 35 milyard dollardır. Rusiya da “Şimal axını” layihəsini bu yolla həyata keçirib. Avropada isə çox sayda belə layihələrə üstünlük verilib”.

Vahid Əhmədov ”Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsinin qəbul edilməsinin Azərbaycan üçün vacib olduğunu qeyd edib:

“Gələcəkdə hansı layihələrin həyata keçirilməsi hökumətin səlahiyyətində olacaq. Onlar yəqin ki, layihə qəbul edildikdən sonra bu məsələləri həll edəcəklər. Qanun layihəsini birinci oxunuşa təqdim etmişik. Özümüzün də bir sıra təkliflərimiz var. Həmin təkliflər üzərində İqtisadiyyat Nazirliyi ilə işləyirik. Mən iqtisadiyyat naziri cənab Mikayıl Cabbarova təşəkkür edirəm ki, bizim iclasa gəlmişdi. O, çox əhatəli təqdimat etdi. Həmin təqdimatdan sonra bizim bir sıra suallarımız aradan qalxdı. Bu qanun layihəsi vacibdir. Düşünürəm ki, qısa vaxt ərzində biz onu qəbul edəcəyik”.

 

Son xəbərlər
Digər xəbərlər