Bu il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal Azərbaycanda əhalinin sayı 4994,8 min nəfər olub, onlardan 4732,1 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu il oktyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1516,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 886,7 min nəfər, qeyri-dövlət sektorunda isə 629,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,3 min nəfər, qeyri-neft sektorunda isə 1482,1 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,5%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,9%-i emal sənayesində, 6,5%-i tikintidə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2%-i mədənçıxarma sənayesində, 2,0%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 22,0%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i istirahət, əyləncə və incəsənət, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 1,6%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.
Bu ilin yanvar-sentyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,5 saat təşkil edib.
Bu il noyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33,7 min nəfər olub, onların 37,9%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 241,9 manat olub.