12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda istehlak kreditlərinin artım tempi iki dəfə azalıb

Azərbaycanda istehlak kreditlərinin artım tempi azalıb. Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-ə verilən məlumata görə, bu barədə bankın İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında bildirilib.

Qeyd olunub ki, 2014-cü ildə ölkədə bank sektorunun sabitliyi və dayanıqlığı təmin olunub, sektor aktiv olaraq iqtisadi artım və şaxələnmə proseslərini dəstəkləyib. Bankların kapitalizasiyası davam etdirilib. Kapitalizasiya qərarının qəbulundan ötən dövr ərzində bankların məcmu kapitalı təxminən 2 dəfə artıb. Hazırda kapital adekvatlığı 8%-lik beynəlxalq normaya qarşı 19% təşkil edir.

Bank aktivlərinin keyfiyyət göstəriciləri qənaətbəxş səviyyədədir. 2014-cü ildə bank sektorunun aktivləri 21% artıb. Bank kreditləri 18%, o cümlədən uzunmüddətli kreditlər 19% artıb. 2014-cü ildə biznes kreditləşməsinin genişlənməsi davam edib. Biznes kreditlərinin cəmi kredit portfelində xüsusi çəkisi 73% olub. Biznes kreditləri 18%, o cümlədən, sənayeyə 36% artıb. Regionlara kredit qoyuluşlarında isə 39% artım olub.

2014-cü ildə yüksək maliyyə risklərinin qarşısını almaq üçün istehlak kreditləşməsinin artımı AMB tərəfindən tənzimlənib. Nəticədə istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1.9 dəfə azalaraq 19%-ə, ipoteka kreditləri istisna olmaqla isə 13%-ə enib. Avtomobil kreditlərinin mütləq həcmi 31% azalıb.

2014-cü ildə faiz dərəcələrinin azalması prosesi davam edib. Son illərdə kreditlər üzrə orta faiz dərəcələri 18%-dən hazırda 14%-ə, o cümlədən biznes kreditləri üzrə 10%-ə düşüb.

2014-cü ildə də ölkədə ödəniş infrastrukturunun inkişafı davam edib. Son 10 ildə elektron hesablaşmaların həcmi 15 dəfə artaraq ÜDM-in 2 mislini təşkil edir. Plastik kartların sayı artıq 5.9 milyon ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 2.5 dəfə artıb. POS-terminalların sayı təkcə ötən il ərzində 2 dəfədən çox artıb. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir.

Son xəbərlər
Digər xəbərlər