BANKER.AZ — 2026-cı ilin ilk dörd ayında Azərbaycanda kərə yağı istehsalı 7 946.3 ton təşkil edib ki, bu da illik müqayisədə 8.6% azdır. Beləliklə, son illərdə ilk dəfə olaraq kərə yağı idxalı daxili istehsalı üstələyib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə istehsal 8 689.6 ton, 2024-cü ilin ilk dörd ayında 8 912.8 ton, 2023-cü ilin eyni dövründə isə 8 938.8 ton olmuşdu.
İstehsaldakı azalma əsas xammal bazasında da özünü göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il aprelin 1-nə ölkədə inəklərin sayı 1 milyon 209 908 baş olub. Bu göstərici bir il əvvəl 1 milyon 220 048 baş təşkil edirdi. Süd istehsalı isə ilk dörd ayda 701.6 min ton olub ki, bu da ötən ilin eyni dövründəki 701.9 min tonla müqayisədə cüzi azalma deməkdir.
Daxili istehsal zəiflədiyi üçün bazarda tələbin böyük hissəsi idxal hesabına qarşılanır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk 4 ayında Azərbaycana 9 077 ton kərə yağı idxal edilib və bunun ümumi dəyəri 57.48 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə isə idxal 7 936 ton olmuşdu.
Bu il Azərbaycan İran, Belarus və Ukrayna kimi ölkələrdən daha ucuz məhsul idxal etməyə başlayıb. Nəticədə idxalın həcmi artsa da, bu səbəbdən ümumi dəyərdə azalma müşahidə olunub. Əlavə olaraq vaxtilə əsas təchizatçılardan olan Yeni Zelandiyanın bazardakı payı isə azalmağa davam edir, onu yuxarıda qeyd edilən ölkələr əvəzləyir.
Banker.az-ın hesablamalarına görə, 2026-cı ilin ilk üç ayında ölkəyə 5 672 ton kərə yağı idxal olunub. Bu göstərici ötən ilin eyni dövründəki 5 668 tonla demək olar ki, eynidir. Bununla belə, idxalın ümumi dəyəri 39 milyon 978 min dollardan 35 milyon 889 min dollara düşərək 10.2% azalıb. Bir ton kərə yağının orta idxal qiyməti isə 7 053 dollardan 6 328 dollara enib ki, bu da 10.3% azalma deməkdir.

Əsas təchizatçı olan İrandan idxal 2 248 tondan 2 733 tona yüksələrək 21.6% artıb. Eyni zamanda, məhsulun ton başına orta qiyməti 6 174 dollardan 5 385 dollara düşüb ki, bu da 12.8% azalma deməkdir. Belarusdan idxal 386 tondan 983 tona çatıb, orta qiymət isə 7 849 dollardan 5 636 dollara enərək 28.2% azalıb.
Yeni Zelandiyadan idxal 1 497 tondan 421 tona düşərək 71.9% azalıb. Bunun fonunda ton başına orta qiymət 7 330 dollardan 8 502 dollara yüksəlib və 16% artım qeydə alınıb. Ukraynadan idxal isə 279 tondan 459 tona yüksələrək 64.3% artıb, ton başına qiymət isə 8 504 dollardan 6 604 dollara düşüb.
Türkiyədən idxal 65 tondan 13 tona geriləyərək 80.1% azalıb. Buna baxmayaraq, ton başına orta qiymət 7 712 dollardan 10 895 dollara yüksəlib. Finlandiyadan idxal olunan məhsulun ton qiyməti 8 719 dollardan 9 282 dollara yüksəldiyi halda, Almaniyadan idxalda bu göstərici 9 102 dollardan 6 882 dollara enib.
Qeyd edək ki, ölkədə kərə yağının pərakəndə satış qiyməti də artım nümayiş etdirib. Son bir ildə məhsul 5.4% bahalaşaraq 2026-cı ilin aprel ayında 1 kiloqram üçün orta hesabla 24.88 manata çatıb. Ötən ilin eyni dövründə isə qiymət 23.59 manat olmuşdu.







