“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində keçirilmiş tədbirlərin ölkədaxili heyvan sağlamlığına və baytarlıq xidmətlərinin inkişafına əhəmiyyətli dərəcədə təsiri olmayıb.
Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsinə dair açıqlamasında deyilir.
- Layihə çərçivəsində ölkədə iri və xırda buynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı yeni mübarizə strategiyası həyata keçirilmiş və nəticə etibarilə xəstəliyin yayılma faizi ümumi olaraq aşağı ensə də, bəzi rayonlarda rayon (əsasən sərhəd, dağ və mal bazarına yaxın ərazilərdə olan sürülərdə) baytar həkimlərinin məlumatlarına görə, heyvanların indentifikasiya olunmaması, sərhəd keçid məntəqələrindən idxal olunan diri heyvanların epizootik durumuna nəzarətin lazımi qaydada olmaması, heyvanların daxili yerdəyişmələrinin (heyvanların satış məqsədilə bazarlara aparılması, sürülərin yaylaq və qışlaqlara köçürülməsi və s.) nəzarətsiz qalması, kəskin baytar həkim çatışmazlığı, xəstə heyvanların dövriyyədən xaric edilməsi mexanizminin tətbiq edilməməsi kimi səbəblərdən xəstəliyə yoluxmuş heyvanların prevalentlik faizi artmışdır;
- Qida təhlükəsizliyinin təmin olunması üçün heyvanların identifikasiyası sisteminin, o cümlədən hər bir baş heyvanın və heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” izlənməsinə imkan yaradılması məqsədilə həyata keçirilən bəzi tədbirlər, o cümlədən təsərrüfatların qeydiyyatı və heyvanların identifikasiyası sisteminin yaradılması üçün proqram təminatının hazırlanması və ölkədə heyvanların qeydiyyat sisiteminin qurulmasına başlansa da, indentifikasiyası aparılmamışdır ki, bu da eyni zamanda peyvəndləmə tədbirlərinin planlaması və icrasının daha dəqiq aparılması üçün əlverişli şərait yaratmamaqla, əlavə büdcə xərclərinə tələbatı artırır;
- Bəzi həmsərhəd ölkələrdən Azərbaycana idxal edilən iribuynuzlu heyvan və xırda buynuzlu arasında sərhəd keçid məntəqələrini keçərkən bruselyoza yoluxma hallarının aşkar edilməməsi və heyvanların, əsasən, ölkə ərazisinə daxil olandan sonra yoxlanılması ölkə daxilində yoluxma riskini artırır. Bundan əlavə, identifikasiya olunmamış heyvanların sonrakı hərəkətinə nəzarətindəki çətinliklər bu sahədə effektiv nəzarət mexanizminin təşkil edilmədiyi fikrini deməyə əsas vermişdir;
- Ölkə üzrə baytar həkimi və baytar feldşerlərinin sayı normalara əsasən hesablanmış tələbatdan ciddi şəkildə azlıq təşkil edir. Digər tərəfdən, bu sahə üzrə yeni kadr ehtiyatının formalaşması işi qaneedici səviyyədə və həcmlərdə deyildir;
- Baytarlıq xidmətləri üzrə özəl sektorun genişləndirilməsinə yönəlmiş fəaliyyətlərin davam etdirilməsinə və sürətləndirilməsinə zərurət vardır.