Azərbaycanda kooperativ bazarların səmərəli fəaliyyətini təmin etmək və kənd təsərrüfatında brend məhsul istehsalını formalaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kooperativ bazarlar təşkil ediləcək. Banker.az-ın Reporta verdiyi xəbərə görə, bu, “Kənd təsrrüfatı kooperasiyası haqqında” qanun layihəsində nəzərdə tutulub.
Kooperativ bazarlar kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan istehlak kooperativlərinin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərəcək.
Layihədə qeyd olunur ki, kooperativ bazarların yaradılması və onlara torpaq sahələrinin ayrılmasının müvafiq icra haklimiyyəti orqanları və bələdiyyələr həyata keçirəcək.
Kooperativ bazarı olan istehlak kooperativləri bazardakı ticarət yerləri ilə ilk növbədə öz üzvlərinin tələbatını ödəməyə borcludur.
Kooperativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kooperativlərin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullardan başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər fiziki və hüquqi şəxslərin satış etməsinə yol verilməyəcək.
Qeyd edək ki, kənd təsərrüfatı istehlak kooperativi kənd təsərrüfatı məhsullları istehsalçıları olan fiziki və hüquqi şəxslərin kənd təsərrüfatı sahəsində fəaliyyəti dövründə üzvlərinin xərclərinin azalmasına və gəlirlərinin artmasına və onların iqtisadi maraqlarının müdafiəsinə yönəlmiş xidmətlərin təşkili üçün birləşməsi yolu ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. İstehlak kooperativləri emal, tədarük və satış, xidmət, təchizat, kredit, sığorta fəaliyyətindən biri və ya bir neçəsi ilə məşğul ola bilərlər.
Xatırladaq ki, parlamentin Aqrar siyasət Komitəsinin sədr müavini Eldar Quliyev Komitənin bugünkü iclasında 2015-ci ildə Azərbaycanın kənd təsərrüfatı ixracının 604 mln. dollar təşkil etdiyini qeyd edib. Onun sözlərinə görə, qeyri-neft ixracının 41,3%-i məhz kənd təsərrüfatı məhsullarının payına düşüb.