5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda kreditlər niyə bahadır? – Ekspert 5 səbəb gətirir

Son günlər banklarda kredit faizlərinin yüksək, depozit və kredit faizləri arasındakı fərqin böyük olması ilə bağlı müzakirə və mübahisələr yenidən geniş vüsət almışdır. Əvvəla burada iqtisadi məsələdən başqa həm də mənəvi bir məsələ vardır ki, heç kim ölkə vətəndaşının yüksək faizlə kredit götürməsini və kredit yükü altında qalmasını istəməz. Kredit faizləri məsələsi incə məsələdir və hər bir ölkə vətəndaşını maraqlandıran, onların yaşayış tərzinə təsir edən məsələdir. Ayrı-ayrı vaxtlarda müxtəlif televiziya proqramları, müsahibə və məqalələrimdə bu mövzuya toxunsam da, bu dəfə çox qısa şəkildə və sadə bir dillə Azərbaycan banklarında nə üçün kredit faizlərinin yüksək olması səbəblərinə toxunacağam.

Bildiyimiz kimi, kredit faizlərinin formalaşmasında əsas rollardan birini depozit faizləri oynayır. Çünki, depozit faizləri kredit faizlərinin formalaşmasında və maya dəyərində önəmli rol oynayır. Birincisi ona görə ki, xarici ölkələrdə banklarda vəsaitlərin formalaşmasında əsas rolu depozitlər oynamır. Xarici banklarda aktivlərin formalaşmasında bir çox maliyyə mənbələri əsas rol oynayır ki, mövzudan yayınmamaq üçün bunlara toxunmayaq. Deməli, banklar illik 12%-dən depozit cəlb edirlərsə, bu depozitlərin heç də hamısı kreditləşmədə istifadə edilə bilməz. Adətən, banklar cəlb olunan depozitlərin 70%-nə qədərini kreditləşmədə istifadə edirlər. Likvidlik, hər hansı şok hadisələr və sair səbəblərdən istifadə olunmayan qalan təqribən 30%-lik hissə də kredit faizlərinin maya dəyərinə daxildir. Bunun nə üçün belə olduğunu televiziya verilişlərinin birində müzakirə zamanı ətraflı izah etdiyim üçün təkrara yol vermirəm.Deməli, əslində 12% dediyimiz illik depozit faizlərinin maya dəyəri əslində 15-16% ətrafındadır.

İkincisi, kreditlərin verilməsi və yığılması proseslərində bankların əməliyyat xərcləri 5% ətrafındadır. Bu kreditlər normal olaraq geri ödənən kreditlərdirsə. Əgər problemli kreditlərə çevrilirsə, yığım prosesi bu faiz dərəcəsini artırır.

Üçüncüsü, verilən kreditlərin 100%-nin geri qayıtma zəmanəti heç bir ölkədə yoxdur, o cümlədən də Azərbaycanda. Bu təbiidir. Ölkədə orta hesabla problemli kreditlərin həcminin ümumi kredit portfelində 12% ətrafında olduğunu nəzərə alsaq, deməli verilən kreditlərin təqribən 10-12%-nin problemli kreditlərə çevrilmə riskini nəzərə almalıyıq. Deməli, ölkədə kreditlər üzrə risk dərəcəsi təqribən 10-12% ətrafındadır.

Dördüncüsü, problemli kreditlərin həlli, məhkəmə-icra prosesləri xarici ölkələrə (biz bank faizləri haqqında danışarkən xarici ölkələrlə müqayisə etməyi xoşladığımız üçün xarici ölkələr məsələsini qeyd edirəm. Əslində bu doğru müqayisə deyil) nisbətən uzun çəkir. Əgər, məsələn, 100 min manat məbləğində bir problemli kreditin məhkəmə-icra, girovun reallaşdırılması prosesi 2, 3, 4 il çəkirsə, bu o deməkdir ki, həmin 100 min manat məbləğində verilmiş və problemə çevrilmiş kredit üçün cəlb olunmuş depozitə görə bank 2, 3, 4 il müddətində depozitorlara faizlər ödəyir. Çünki, adətən banklar məhkəmələrdən sonra faizlərin hesablanmasını dayandırır (xarici ölkə banklarında bu təcrübə demək olar ki, yoxdur. Çünki, orada girovun reallaşdırılması daha sürətlidir. Məlumat üçün, qeyd edim ki, ölkəmizdə də faizlərin hesablanmasının dayandırılması qanunda, qaydalarda yoxdur. Banklar bunu müştərilərinə əlavə yük olmaması üçün öz təşəbbüsləri ilə öz daxili qaydaları əsasında tətbiq edirlər). Məhz problemli kreditlərin həlli məsələlərində mövcud olan bir çox amilləri nəzərə alan Cənab Prezident bu sahədə islahatların aparılacağı anonsunu da vermişdir.

Nəhayət, beşinci faktor. Ölkəmizin bankları transmilli banklar deyil. Dünyanın pul bazarlarına birbaşa çıxışımız yoxdur. Törəmə alətlər, beynəlxalq maliyyə əməliyyatları üçün dünya bazarlarına və ya ən azı ucuz fond cəlb etmək üçün beynəlxalq pul bazarlarına birbaşa çıxış əldə etməyin şərtləri var. Bu şərtlərin bir çoxunu heç bir çox inkişaf etməkdə olan ölkələrin bankları da əldə edə bilmirlər. Biz bankların kredit faizlərini inkişaf etmiş ölkələrdəki bank faizləri ilə müqayisə ediriksə, o halda fond birjası, maliyyələşmə və digər amilləri də (məsələn, problemli kreditlərin həlli ilə bağlı sürətli prosedurlar və sair) nəzərə almalıyıq. 
Yuxarıda qeyd olunan hər bir faktor üzrə xərc və riskləri illik depozit faizlərinin üzərinə gəldikdə kredit faizlərinin nə üçün 30-32% olduğunu görmüş oluruq.

Bəs banklar yüksək faizli kreditlər verməkdə maraqlıdırlarmı? Bu onlar üçün zərərdir, yoxsa mənfəət? Yüksək faiz kreditin geri qayıtma ehtimalını və riskləri artırır. Risklər artdıqca banklar daha çox zərərə uğrayır. Yəni, yüksək maliyyət = yüksək fazili kredit = daha çox problemli kredit (buna “vicious circle” (zərərli çevrə) deyirlər). Bu səbəblərdən banklar yüksək kredit faizlərində maraqlı deyillər. Bankların ən böyük marağı daha az maliyyətli maliyyələşmə mənbələrinə nail olmaqdır ki, daha az xərc müqabilində daha aşağı faizli kreditlər versinlər ki, bu kreditlərin də qayıtma ehtimalı daha yüksək olar.

Hazırda vəziyyət əvvəlki illərə nisbətən müsbətə doğru dəyişməkdədir. Əvvəla, istehlak kreditləşməsində ciddi qaydalar vardır və hər bir vətəndaş istədiyi qədər istehlak krediti götürə bilmir. İstehlak kreditləri üzrə banklar arasında ciddi rəqabət yaranmaqdadır ki, vətəndaşlarımız da bundan istifadə edərək daha uyğun şərtləri olan banklara üz tuta bilərlər. Biznes kreditlərində faizlər kifayət qədər enməkdədir. Hazırda əsaslandırılmış biznes-plana malik olan rentabelli layihələri (məhz belə layihələrə bu gün bank sektorunun ehtiyacı daha yüksəkdir və bank sektoru üçün bu cür layihələrin maliyyələşdirilməsi əsas prioritet istiqamətdir) iillik 13-15%-li kreditlərlə maliyyələşdirilir. Cənab Prezidentin 28 fevral, 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı da kredit faizlərinin aşağı salınmasına öz töhfəsini verməkdədir. 
Görülən müsbət işlər və tədbirlər çoxdur. Lakin, təəssüf ki, bütün qeyd olunanları təhlil etdikdə, hələ də faizlərin yüksək olmasına səbəb olan bir sıra risklərin (bu risklərin bir çoxunun yumşaldılması bank sektorunun imkanları xaricindədi) qaldığını görürük. Xüsusilə kreditlərin faiz dərəcələrinin artmasına səbəb olan xərc, risk və digər mənfi amillərin aradan qaldırılması təkcə bank sektorundan deyil, həm də hər bir sahədən asılıdır. Bu faktorların hər birinin aradan qaldırılması, risklərin yumşaldılması yolları əlbəttə mövcuddur və həll olunması mümkündür. Düşünürəm ki, səylərimiz də bu istiqamətdədir və bu istiqamətdə də olmalıdır.

MÜƏLLİF
Elman Sadıqov
Bank eksperti

Son xəbərlər
Digər xəbərlər