“Legion Financial” ASC hər birinin nominal dəyəri 100 manat olan 6 050 ədəd adi, sənədsiz, adlı səhmlərini emissiya edəcək.
Banker.az xəbər verir ki, bu barədə şirkətin emissiya prospekti və ya informasiya memorandumunda bildirilir.
“Legion Financial” maliyyə lizinqi bazarında rəqabət aparır. Maliyyə lizinqi xidmətində əmlakın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu əmlakın lizinqalanın mülkiyyətinə verilməsi nəzərdə tutulur. Minik avtomobillərinin maliyyə lizinqinə verilməsi sahəsində fəaliyyət göstərir.
Banklar və bank olmayan kredit təşkilatları da bu fəaliyyət növü ilə məşğul olma hüququna malikdirlər və rəqabətin iştirakçılarıdırlar. Cari il üzrə fəaliyyət yerli bazarda olmuşdur və əsas məhsul kateqoriyası minik avtomobillərinin lizinqi olmuşdur. Bu fəaliyyət sayəsində 2024-cü ilin üçüncü rübü ərzində 801.9 min manat gəlir əldə edilmişdir.
Hazırda şirkətin səhmdarları bunlardır:
- Turan İsmayılov Mübariz oğlu – 39.51%
- Ramin Süleymanlı Rəhman oğlu – 31.59%
- Rövşən Soltanov Rafiq oğlu – 10.48%
- Böyükağa Məmmədov Mirkamal oğlu – 13.03%
- Konstantin Kolas – 5.38%
Şirkət 2023-cü ili 616 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2022-ci ilin nəticəsindən 2.2 dəfə yüksəkdir. Mənfəətin əsas hissəsi maliyyə lizinq əməliyyatlarından əldə olunan faiz gəlirləri (893 min manat) hesabına formalaşıb. 2023-cü ildə şirkətin ümumi gəlirləri artıb və mənfəət vergisi ödənişi 154 min manat təşkil edib. Ötən illərlə müqayisədə xalis mənfəət 2022-ci ildə 282 min manat, 2021-ci ildə isə cəmi 16 min manat olub.