Azərbaycanda mənzil bazarında qiymət artımı davam etsə də, artım tempi əvvəlki rüblərlə müqayisədə zəifləyib.
Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin II rübündə mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1,6% artıb. Halbuki, 2026-cı ilin I rübündə artım 2,2%, 2025-ci ilin IV rübündə isə 3,1% olmuşdu.
İlkin mənzil bazarında da artım tempi zəifləyib. Belə ki, qiymətlər 2025-ci ilin IV rübündə 4,3%, 2026-cı ilin I rübündə 1,8%, 2026-cı ilin II rübündə isə 2,6% artıb.
Təkrar mənzil bazarında isə qiymət artımı daha nəzərəçarpacaq şəkildə yavaşıyıb. Bu seqmentdə qiymətlər 2025-ci ilin IV rübündə 3,0%, 2026-cı ilin I rübündə 2,2%, 2026-cı ilin II rübündə isə 1,5% artıb.
Bununla belə, illik müqayisədə mənzil qiymətlərində yüksək artım davam edir. 2026-cı ilin II rübündə ümumi mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 8,6%, ilkin bazarda 12,4%, təkrar bazarda isə 8,6% yüksəlib.
Bu azalma Azərbaycanda ipotka kreditlərinin azalması ilə eyni dövrə təsadüf edir. Belə ki, öncəki yazımızda Azərbaycanda ipoteka kreditlərinin ümumi portfeli 2026-cı ilin ilk beş ayının yekununda 4.71 mlrd. manata çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 7% artsa da, bazarda artım tempi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib. Banklar tərəfindən verilən yeni ipoteka kreditlərinin həcmi 2.2% azalaraq 200 mln. manata enib, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun yenidən maliyyələşdirdiyi kreditlər isə 33.2% azalaraq 100.4 mln. manata düşüb.
Bununla yanaşı, Fondun yerləşdirdiyi istiqrazların həcmi də illik müqayisədə 39.4% azalaraq 200 mln. manat təşkil edib. Son beş ildə ipoteka portfeli 2.2 dəfə artsa da, illik artım tempi 2022-ci ildəki 21%, 2023-cü ildəki 25%, 2024-cü ildəki 19% və 2025-ci ildəki 13%-dən 2026-cı ildə 7%-ə enib. Eyni zamanda, ipoteka kreditləri üzrə orta faiz dərəcəsi son dörd ilin ən yüksək səviyyəsinə – 6.38%-ə yüksəlib.







