9 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycanda maliyyə dayanıqlılığının gücləndirilməsi hədəflənir” – Sahib Məmmədov

“Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin, innovasiya yönümlülüyünün, maliyyə dayanıqlılığının gücləndirilməsi kimi məqsədlər hədəflənir”.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən “Azərbaycanda Yaşıl transformasiya” adlı konfransda deyib.

“Həmçinin davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, ölkənin “yaşıl enerji” məkanına çevrilməsi, ətraf mühitin sağlamlaşdırılması, işğaldan azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası və s. kimi məqsədlər hədəf seçilib. Qlobal tendensiyaları və çağırışları qəbul etməklə, Azərbaycan 2021-2030-cu illəri əhatə edən pandemiya və münaqişədən sonrakı dövr üçün keyfiyyətcə yeni bir strateji mərhələyə qədəm qoyub. Bu çərçivədə Azərbaycan hökuməti qarşıdakı onillikdə ölkənin sosial-iqtisadi inkişafı və ətraf mühitin qorunması istiqamətində uzunmüddətli təkamül yollarını hədəfləyən beş milli prioriteti müəyyənləşdirib”, – deyə o, qeyd edib.

Nazir müavini əlavə edib ki, ötən dövr ərzində qlobal geosiyasi gərginliyin davam etməsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya riskləri daha da artıb: “Bütün bunlara baxmayaraq, cari ilin ötən dövründə Azərbaycan iqtisadiyyatında yüksək artım dinamikası davam edib. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 5.6 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə ÜDM-i 10.1 % artıb. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının uğurla reallaşdırılması istiqamətində tədbirlər nəticəsində 9 ay ərzində xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 73.3 %, o cümlədən ölkədən qeyri-neft-qaz məhsullarının ixracı 17 % artıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər