Azərbaycanda metaləritmə zavodunun yaradılması araşdırılır

Azərbaycanda yerli yataqlardan hasil edilən, eləcə də xaricdən gətirilə biləcək mis xammalının ölkə daxilində daha dərin emalı üçün metaləritmə müəssisələrinin yaradılması imkanları araşdırılacaq.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Hazırda ölkədə iri mis yataqlarında istehsalın əsas son məhsullarından biri konsentratdır və onun bir hissəsi xaricdə emal olunmaq üçün ixrac edilir.

Proqrama əsasən, 2027–2028-ci illərdə İqtisadiyyat Nazirliyi və “AzerGold” QSC ölkədə yerli və idxal xammal əsasında mis emalı üzrə metaləritmə müəssisələrinin yaradılması imkanlarını araşdıracaq. İlk mərhələdə xammal təminatı, daxili və xarici bazarda tələb, potensial istehsal gücləri və layihənin texniki-iqtisadi səmərəliliyi qiymətləndiriləcək.

Layihə reallaşarsa, bu, Azərbaycanda mis filizinin yalnız konsentrat mərhələsinə qədər deyil, metal istehsalına doğru daha dərin emal zəncirinin yaradılmasına imkan verə bilər. Hazırda bunun ən iri nümunələrindən biri Ağdərə rayonundakı “Dəmirli” Filiz Emalı Kompleksidir. Kompleksin mis flotasiya zavodunun illik filiz emalı gücü 5,6 milyon tondur, lakin zavodun son məhsulu hazır mis deyil, mis konsentratıdır. Sonuncu dəfə yatağın qalıq ehtiyatlarının ilkin istismar dövrü 2025–2030-cu illəri əhatə edir və bu müddətdə 1,6 milyard manat dəyərində, konsentratın tərkibində 85 min ton mis metalının Çinə ixracı nəzərdə tutulduğu bildirilmişdi.

“Dəmirli”ni işlədən “Anglo Asian Mining” də 2025-ci ildə yataqda 18,5 min ton mis konsentratı istehsal edib; konsentratın tərkibində mis istehsalı 3,1 min ton olub. Şirkət 2026-cı ildən “Dəmirli”də konsentratın tərkibində illik təxminən 15 min ton mis istehsalını gözlədiyini və məhsulun satışı üçün “Trafigura” ilə müqavilə bağladığını açıqlayıb. Anglo Asian Mining

Xatırladaq ki, Gədəbəydə hələ 1855–1856-cı illərdə misəritmə zavodu tikilib, daha sonra müəssisə Almaniyanın “Siemens” şirkətinə keçib və 1865-ci ildə yenidən qurulub. “Siemens” 1883-cü ildə Qalakənddə ikinci misəritmə zavodunu da yaradıb.

Müstəqillik dövründə də Azərbaycanda misin əridilməsi və saflaşdırılması üzrə istehsal yaradılıb. 2014-cü ildə Sumqayıtda Mis Emalı Zavodu istifadəyə verilib. Prezidentin rəsmi saytında zavodun mis qəbulu, ərinti, elektroliz və dik töküm sahələrindən ibarət olduğu bildirilirdi. Müəssisə əsasən mis tullantılarını xammal kimi qəbul edirdi: ayda 500 tona qədər tullantı emal olunur, təxminən 450 ton anod xammalı alınır və son mərhələdə 99,99 faiz təmizlikdə mis katod lövhələr istehsal edilirdi.

Qeyd edək ki, Azərbaycanda mis konsentratı istehsalı 2026-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə artaraq 12,5 min tona çatıb. 2025-ci ilin eyni dövründə istehsal 2,27 min ton idi. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyul aylarında isə Azərbaycan 69,1 min ton mis filizi və konsentratını 152 milyon dollara ixrac edib. İxracın fiziki həcmi illik müqayisədə təxminən 6,9 dəfə, gəlir isə 9,5 dəfə artıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər