9 C
Baku
Monday, December 23, 2024

Azərbaycanda mikro sahibkarlığa verilən kreditlərin həcmi 400 mln. manat artıb

Son illər biznes kreditlərinin şərtləri və faizləri xeyli yumşaldılıb. Cari ilin üçüncü rübünün nəticələrinə görə, biznes kreditləri ümumi kredit portfelinin 53,7 faizini tutur və 14 milyard manatdır. Kreditlər üzrə orta faiz dərəcəsi 16 faiz təşkil edir.

Bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” konfransında deyib.

O qeyd edib ki, kreditlərin 950,4 milyon manatı dövlət fondları hesabına maliyyələşdirilib.

“Ümumi biznes kreditləri portfelinin 4,4 milyard manatı və ya 31,4 faizi kiçik və mikro sahibkarlara verilib. Birillik tendensiyaya baxsaq, mikro sahibkarlığa verilən kreditlərin həcmi 400 milyon manat artıb. Kiçik sahibkarlığa verilən kreditlərin həcmində isə 200 milyon manatlıq azalma müşahidə edilir. Azərbaycanda faktorinq, forfeytinq kimi alternativ maliyyə alətlərinin tətbiqinin genişləndirilməsinə ehtiyac var. Bu, xüsusilə kiçik və orta müəssisələr üçün maliyyə resurslarına çıxışı asanlaşdırır. Hər iki alət, müasir ticarət mühitində maliyyə resurslarının optimallaşdırılmasına kömək edə bilər”, – deyə Məmməd Musayev vurğulayıb.

Konfederasiyanın prezidenti onu da əlavə edib ki, yaşıl maliyyənin tətbiqi yalnız ekoloji mühitin qorunması ilə bağlı deyil, eyni zamanda, iqtisadi və sosial rifahın artırılması üçün də mühüm əhəmiyyət kəsb edir: “Azərbaycanda bu sahədə irəliləyiş, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq və innovativ yanaşmaların tətbiqi ilə mümkündür. Azərbaycanda fəaliyyət göstərən bank və BOKT-lər kiçik və mikro sahibkarlığın kreditləşməsini artırmaq üçün innovativ həllər tətbiq etməklə ümumilikdə sahibkarlığın inkişafına töhfə vermiş olurlar. Buna görə də kiçik və mikro sahibkarlığa yanaşmada daha çevik risk alətləri və münasibət lazımdır”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər