2022-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27.2 min nəfər və ya 1.6 faiz artaraq 1729.3 min nəfər olmuş, onlardan 900.4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828.9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Banker.az DSK-ya istinadla xəbər verir ki, muzdla işləyənlərin 19.2 faizi təhsil, 18.6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12.8 faizi sənaye, 8.2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7.3 faizi tikinti, 6.5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.5 faizi peşə, elmi və texniki fəaliyyət, 2 faizi maliyyə və sığorta fəaliyyəti, 14 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14.5 faiz artaraq (105 manat) 827.9 manat olmuşdur. Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 827.4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.