6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda qazi və şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək

Azərbaycanda şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, bir müddət əvvəl parlamentə adıçəkilən kateqoriyadan olan şəxslərin mənzil növbəsi ilə bağlı müəyyən müraciətlər daxil olurdu ki, Qarabağ qazisi növbədə olarkən dünyasını dəyişirdisə onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılırdı: “Ona görə də bununla bağlı boşluğu qanunvericilikdə aradan qaldırdıq. Statusa sahib olmayan digər ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”.

“Eyni prosesi bir neçə hallarda şəhid ailələri arasında da müşahidə etdik. Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə olundu və qanunvericiliyə müvafiq düzəlişlər edilib. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirsə, şəhidin övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”, – M.Quliyev vurğulayıb.

Sədr eyni zamanda bildirib ki, bu günə qədər Azərbaycanda 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub: “Proses demək olar ki, yekunlaşmaq üzrədir. Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin olunacaq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər