Azərbaycanda qaz istifadəsinə görə limitlərin ləğvi və ya dəyişdirilməsi ilə bağlı heç bir müraciət olunmayıb, bu məsələ hazırda gündəmdə deyil.
Bunu jurnalistlərə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində deyib.
Onun sözlərinə görə, ölkədə qazın istifadəsinə görə tətbiq olunan limitlər sosial yönümlüdir.
“Biz bilirik ki, bir çox ölkələrdə istənilən məhsulu kim çox işlədirsə, o daha az tariflə ödəyir. Bizdə isə tam əksinədir, az işlədən, daha aşağı tariflə ödəyir. Burada, əhalinin ümumi sosial durumunu və ya sosial vəziyyəti nəzərə alınıb. Bilirsiniz ki, cənab Prezidentin də daim bununla bağlı tapşırıqları və sərəncamları olur. Bunlar nəzərə alınaraq bizdə limit hələ ki, qeyd olunan qaydadadır – az işlədən az ödəyir, çox işlədən daha yüksək tariflə ödəyir. Amma bunun dəyişməsi ilə bağlı heç bir müraciət yoxdur, gündəmdə bugünkü gün belə məsələ yoxdur” – Ruslan Əliyev qeyd edib.
Xatırladaq ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.