-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda qiymətli kağızların sığortalanması mexanizmi tətbiq ediləcək

Azərbaycanda qiymətli kağızların alışı zamanı sığortalama mexanizm tətbiq ediləcək.

Bunu “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” (AFBİA) İctimai Birliyin icraçı direktoru Murad Yəhyayev “Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası” (ATMİA) İctimai Birliyi ilə AFBİA-nın birgə tədbirində bildirib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb:

“Qanunvericiliyə dəyişiklik edildikdən sonra, əmanətlərin sığortalanması kimi qiymətli kağızların ticarəti zamanı da eyni mexanizm tətbiq ediləcək. Belə ki, qiymətli kağızların aldığınız şirkət iflas etsə belə, bu mexanizmlə investisiya etdiyiniz vəsaiti geri ala biləcəksiniz, necə ki, banklara depozit qoyduqda. Bu istiqamətdə təkliflər hazırdır. Kapital bazarında bu cür stimullaşdırmaya ehtiyac var”.

Qeyd edək ki, 2021-ci ilin aprelindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 20 min manatdan çox olmayan məbləğdə əmanətləri, həmçinin vətəndaşların 100 min manatadək əmanətləri sığorta sisteminə daxildir (xarici valyutada depozitlər üzrə isə 100 min manat ekvivalentində). Azərbaycanda 1 iyun 2020-ci ildən əmanətlərin illik sığortalanma faizi manat əmanətləri üzrə 12 %, xarici valyuta əmanətləri üzrə isə 2,5 %-dir.

“Əmanətlərin sığortalanması haqqında” Qanuna investisiya şirkətləri üzrə yatırımların sığortalanması ilə bağlı dəyişiklik layihəsinə əsasən, ödəmə qabiliyyətini itirmiş investisiya şirkətlərində investorların pul vəsaitlərinin və maliyyə alətlərinin itirilməsi riski sığortalanacaq.

İnvestisiyaların sığortalanması mexanizmi Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən birgə hazırlanaraq, ƏSF tərəfindən tətbiq ediləcək.

Xatırladaq ki, ƏSF 2007-ci ilin 12 avqust tarixindən fəaliyyətə başlayıb. Hazırda 23 bank Fondun üzvüdür. İştirakçı banklar ƏSF-in reyestrinə daxil olarkən birdəfəlik üzvlük haqları ödəyir, sonra isə təqvim haqlarının ödənişini həyata keçirirlər.

Təqvim haqları iştirakçı bankların fondun reyestrinə daxil olunduğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 %-i, 2008-ci ilin III rübündən etibarən isə 0,125 %-i həcmində, əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda isə bu valyutaların biri ilə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

Təqvim haqları bankın fondun iştirakçı bankların reyestrinə daxil edildiyi gündən bank lisenziyasının ləğv edildiyi günədək ödənilir. ƏSF-in sığorta ehtiyatları qorunan əmanətlərin 5 %-inə çatdıqda, Himayəçilik Şurası iştirakçı banklar tərəfindən ödənilən təqvim haqlarının azaldılması və ya ödənilməsinin dayandırılması barədə qərar qəbul edə bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər