Aqrar Sığorta Fondu (ASF) və “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi arasında görüş keçirilib.
Banker.az xəbər verir ki, ölkənin iri quşçuluq və broyler müəssisələrinin rəhbərlərinin iştirak etdiyi görüşdə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Fondun fəaliyyəti, aqrar sığorta mexanizminin iş prinsipləri, onun əhatə etdiyi risklər və predmetləri barədə məlumat verib. Fond rəhbəri bildirib ki, quşçuluq təsərrüfatlarının sığortalanmasına başlanması qarşıda duran hədəflərdəndir. Hazırda qurum quşçuluq təsərrüfatlarının sığortası ilə bağlı araşdırmalar və ilkin hesablamalar aparır. Bununla bağlı qardaş Türkiyənin, eləcə də Avropa ölkələrinin qabaqcıl təcrübəsi öyrənilir.
50-dən artıq quşçuluq təsərrüfatı və müəssisələrini özündə birləşdirən “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, hazırda ölkənin quşçuluq və broyler təsərrüfatlarında 40 min nəfərə yaxın işçi çalışır. Ölkədə gündə 4-4,5 milyon ədəd, ümumilikdə ildə 2 milyard ədədə yaxın yumurta istehsal edilir. İstehsal olunan yumurtanın bir hissəsi xarici ölkələrə ixrac edilir. Belə ki, 2023-cü ildə 60 milyon ədəd yumurta ixrac edilib, 2024-cü ildə isə bu rəqəmin 100 milyona çatacağı gözlənilir. Bildirilib ki, hazırda Azərbaycandan yumurta məhsulları Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur, eləcə də Avropa ölkələrinə ixrac barədə razılaşmalar mövcuddur. Assosiasiya təmsilçiləri quşçuluq sektorunda risklərin qarşılanması üçün aqrar sığortanın əhəmiyyətli olduğunu vurğulayıblar.
Görüşdə quşçuluq sığortası ilə bağlı aktual risklərin dəqiqləşdirilməsi, beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi, bu sahədə sığorta xidmətlərinin təqdim edilməsi üçün müxtəlif sığorta zərflərinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib və belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.