26 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanda riskli vergi ödəyiciləri hüquqi şəxs təsis edə bilməyəcək

Vergi Məcəlləsində riskli vergi ödəyicilərinin hüquqi şəxs təsis etmək hüququnun qanunvericiliklə məhdudlaşdırılması kimi dəyişikliklər nəzərdə tutulub.

Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə bildirib.

O, bu barədə Dövlət Vergi Xidmətinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirdiyi startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüşdə danışıb.

L.Hüseyn-zadənin sözlərinə görə, bununla yanaşı, kommersiya qurumlarının benefisiar mülkiyyətçisi (mülkiyyətçiləri) barədə məlumatların dövlət reyestrinin aparılması da nəzərdə tutulub.

Vergi rəsmisi ölkəmizdə biznesə başlama sahəsində mövcud vəziyyət, aparılmış islahatlar, əldə olunmuş nəticələr və gələcək planlar barədə təqdimatla çıxış edib. O, “Dünya Bankı Qrupunun “Business Ready (B-Ready)” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər barədə danışıb, qeyd edib ki, Yol Xəritəsi çərçivəsində MMC-lərin qeydiyyat məlumatları dəyişikliyinin elektron qaydada aparılması ilə bağlı proqram təminatının hazırlanması prosesi artıq yekunlaşıb.

Hüquqi şəxslərin qeydiyyatı sahəsində görülən işlərdən danışan şöbə rəisi bildirib ki, 2023-cü ilin 10 ayı ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 11 552-si (87,2 %) yerli investisiyalı, 1 695-i (12,8 %) xarici investisiyalıdır. Kommersiya qurumlarının 82,4 %-i elektron qaydada qeydiyyata alınıb, yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1 % təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 831 yerli investisiyalı MMC qeydiyyata alınıb ki, bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,8 %, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 16 % təşkil edir.

Qarşılıqlı müzakirələr şəraitində davam etdirilən tədbirdə iştirakçıların hüquqi şəxslərin qeydiyyatı, sahibkarlıq subyektinin adının dəyişdirilməsi zamanı tətbiq olunan mexanizmlər, POS-terminalların quraşdırılması ilə bağlı sualları cavablandırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər