Rusiyanın xaricə ixrac etdiyi neft-qaz məhsullarının həcminin sanksiyalar səbəbindən azalması onun milli valyutasının da əksər valyutalara qarşı dəyər itirməsinə səbəb olub. Bu ucuzlaşma Azərbaycanda da baş verib.
Banker.az Azərbaycan Mərkəzi Bankının 7 avqust 2023-cü il tarixinə olan rəsmi məzənnələrinə istinadən xəbər verir ki, 1 rus rublu 0.0177 manat təşkil edib. Bu da 2022-ci ilin martından bu tərəfə ən aşağı göstəricidir.
Ötən ilin 10 martında rus valyutası müharibə şokundan rubl ABŞ dollarına qarşı kəskin dəyər itirərərkən, manata qarşı da ucuzlaşaraq 0.0127 məzənnəsinə qədər kəskin eniş yaşamışdı. Bu, manatın rubla qarşı tarixi rekordu idi.
Qeyd edək ki, hazırda 1 ABŞ dolları Moskva birjasında 95.77 səviyyəsinə ticarət edilir. Bu da son bir həftədə 4.6%, ilin əvvəlindən isə 37% ucuzlaşmadır.