10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda Rusiya taxıl kombaynları buraxılacaq

Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı maşınqayırması sahəsində perspektivli birgə layihə hazırlanır.

Bunu Rusiya İxrac mərkəzinin nümayəndəliyinin rəhbəri Nuru Quliyev deyib.

Onun sözlərinə görə, Rusiyanın ən böyük kənd təsərrüfatı texnikası istehsalçısı olan “KZ Rostselmaş” MMC Azərbaycanın “AzərMaş” ASC maşınqayırma şirkəti ilə ölkədə Rusiya taxıl yığımı texnikalarının montajını təşkil etmək üçün investisiya layihəsinin həyata keçirilməsi ilə bağlı uğurlu danışıqlar aparır.

N.Quliyevin qeyd etdiyi kimi, bu razılaşmalar Moskvada 23 noyabr 2019-cu ildə Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində “KZ Rostselmaş” MMC və “AzərMaş” ASC tərəfindən Azərbaycan ərazisində taxıl biçini kombaynların istehsalının təşkili barədə saziş imzalandığı zaman əldə olunub.

“Avadanlıqların montajı üçün layihənin icrasına başlanğıc 2020-ci ilə planlaşdırılıb. Ancaq qlobal pandemiya səbəbindən bu layihənin icrasının vaxtı dəyişdirilib. Hər il 40-50 ədəd texnika istehsal ediləcəyi güman edilir”, – nümayəndəlik rəhbəri qeyd edib.

N.Quliyev hazırkı vəziyyətdə pandemiya səbəbindən şirkətlər arasında danışıqların məsafədən aparıldığını, lakin iki ölkə arasında hava əlaqələrinin bərpa olunmasından sonra bu prosesin aktiv əyani mərhələyə keçəcəyini bildirib.

Qeyd edək ki, “Rostselmaş” qrupu kənd təsərrüfatı texnikası istehsal edən şirkətlər qrupudur. Qrupa 13 müəssisə daxildir, istehsal yerləri dörd ölkədə yerləşir. Şirkət “Rostselmaş” və “Versatile” markaları altında avadanlıq istehsal edir.

15 Noyabr 2017-ci ildə yaradılan “AzərMaş” ASC strateji məqsəd kimi Azərbaycanda avtomobil sənayesinin yaradılması və inkişafını hədəf götürüb.

Rusiya ixrac mərkəzi yerli ixracatçılara geniş maliyyə və qeyri-maliyyə dəstəyi tədbirləri təqdim edən qeyri-enerji ixracatına dəstək verən dövlət institutudur.

MənbəTrend.az
Son xəbərlər
Digər xəbərlər