13 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda valyuta mübadiləsi fəaliyyəti üçün şərtlər yumşaldılmalıdırmı?

Azərbaycanda valyuta mübadiləsi məntəqələrinin fəaliyyəti, daha dəqiq desək, bu fəaliyyət üçün müəyyən edilmiş qaydaların yumşaldılması yenidən gündəmə gəlib.

Milli Məclisin noyabrın 29-da keçirilmiş plenar iclasında deputat Siyavuş Novruzov hökuməti bu sahədə şərtlərə yenidən baxmağa çağırıb.

Cəmi 5 şirkət valyuta dəyişmə məntəqəsi açıb

Azərbaycanda 2016-cı ilə qədər yüzlərlə valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərirdi. Həmin ilin yanvar ayında – manatın ikinci devalvasiyasından az sonra – bankların şöbə və filiallarından kənarda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin bağlanılması barədə qərar qəbul edildi. Məqsəd milli valyutanın təzyiq altında qalmaması və ölkədən kapital axınının qarşısının alınması idi.

Bununla belə, valyuta dəyişmə məntəqələrinin bağlanması Azərbaycanda “qara bazar”ı aktivləşdirdi və hökumət bir müddət də onunla mübarizə aparmalı oldu. 2017-ci ildə manatın məzənnəsinin nisbi sabitləşməsindən sonra ölkədə “Valyuta tənzimi haqqında” yeni qanun qəbul edildi. Həmin qanunla valyuta mübadiləsi lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilməyə başladı. Bu qanun banklardan kənarda valyuta dəyişmə məntəqəsi açmağa icazə versə də, indiyə qədər cəmi 5 şirkət bu fəaliyyət növü ilə məşğul olmaq üçün Azərbaycan Mərkəzi Bankından lisenziya alıb. Göründüyü kimi, valyuta bazarında devalvasiyadan əvvəlki kimi aktivlik yoxdur. Bu isə nəinki xarici turistlərə, bəzən elə ölkə vətəndaşlarına da problem yaradır.

Bəs Azərbaycanda valyuta mübadiləsi fəaliyyəti üçün şərtlər yumşaldılmalıdırmı? Mövzu iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edilib.

“Liberallaşmaya getməyin vaxtı çoxdan çatıb”

Onun sözlərinə görə, bu sahədə liberallaşmaya getməyin vaxtı çoxdan çatıb: “Əvvəl bu sahədə rəsmi məlumatlara görə 6-7 min, qeyri-rəsmi məlumatlara görə 15 mindən çox adam çalışırdı, 1 030-dan artıq sahibkar fəaliyyət göstərirdi. Valyuta mübadiləsi fəaliyyətinə bu qədər güclü nəzarət məşğulluq və sahibkarlıq baxımından uğurlu addım deyil. Devalvasiyadan sonra müəyyən radikal qərarların qəbul edilməsi bəlkə də məqbul sayıla bilərdi. Amma tədricən bu istiqamətdə liberallaşmaya doğru ciddi addımlar atılmalı idi”.

“Ölkədə valyuta əlçatanlığı təmin edilməlidir. Bunun olmaması xüsusən turizm sektoru üçün ciddi problemlər yaradır. Təkcə yerli vətəndaşlar deyil, ölkəni yaxşı tanımayan xarici vətəndaşlar üçün də valyutanın əlçatanlığının təmin edilməsi turist xərcləmələrinə birbaşa təsir göstərər. Turist hansısa ölkədə olanda bəzən valyutanı dəyişə bilmirsə, xərcləmə fikrindən daşınır. Həmçinin sahibkarların valyuta təminatının artırılması baxımından valyuta dəyişmə məntəqələrinin fəaliyyət göstərməsi üçün əlverişli şərait olmalıdır. Bizdə onsuz da bu sahədə mənfəət norması elə də çox deyil. Belə şəraitdə bu bazarın olmaması valyuta dövriyyəsindən gəlir əldə edilməsi imkanını məhdudlaşdırır”, – deyə R.Həsənov qeyd edib.

“Depozit tələbi 5 dəfə azaldılmalıdır”

Ekspertin fikrincə, valyuta mübadiləsi fəaliyyəti üçün şərtlər yumşaldılmalı, depozit tələbi 5 dəfə azaldılmalıdır: “Rasional investor qərar qəbul edərkən bu sahəyə yatırdığı investisiyanın geri dönüşünün necə olacağını hesablayır. Valyuta dəyişmə məntəqəsi açmaq üçün tələb olunan 50 min manatı dövriyyədən çıxarmaq investor üçün maraqlı olmayacaq. Odur ki, depozit tələbi 5 dəfə azaldılmalıdır. Bundan başqa, məntəqə açmaqla bağlı infrastruktur tələbləri var. Ən azı qoyulan investisiyanın repatriasiyası dövründə həmin tələblərə müəyyən güzəştlər edilə bilər. Valyuta dəyişmə məntəqələrinin təhlükəsizlik təminatının formalaşdırılması üçün müəyyən xərclər var. Onları bir neçə illik gəlir vergisindən azad etmək olar ki, həmin xərclər kompensasiya edilsin. Bütün məsələlər təhlil edilməli, maraq qruplarının özləri ilə də görüş keçirilib onların çətinlikləri və təklifləri dinlənilməli, bu sahə ilə bağlı əlverişli şərtləri əhatə edən yol xəritəsi hazırlanmalıdır. İndiki vəziyyət fonunda qeyri-qanuni valyuta dəyişmə prosesi gedir və istehlakçı hüquqlarının qorunmaması, xarici vətəndaşların valyuta əlçatanlığının aşağı olması, yerli sahibkarların bəzi qeyri-qanuni fəaliyyətə məcbur olması halları ortaya çıxır”.

“Valyuta dəyişmə məntəqələri yalnız bankların daxilində deyil, həm də ayrıca fəaliyyət göstərməlidirlər. Bankların göstərdiyi çox sayda xidmətlər mövcuddur. Düşünmürəm ki, banklar üçün bu qədər dövriyyənin qarşılığında yalnız valyuta dəyişmə xidmətindən əldə edilən gəlir maraqlı olsun. Onsuz da valyuta dəyişmə məntəqələri açılsa, onlar bu məntəqələrlə birbaşa əməkdaşlıq edəcəklər. Həmin məntəqələr topladıqları pulu gətirib banklarda konvertasiya edir. Banklara topdan müştərilərlə işləmək pərakəndə müştərilərdən daha asan olar”, – deyə R.Həsənov əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər