23 C
Baku
Friday, September 20, 2024

Azərbaycanda vençur kapitallı fondlar yaradıla bilər

Son illərdə sürətlə inkişaf edən rəqəmsal sahibkarlıq nağdsız ödənişlərin genişlənməsində çox ciddi rol oynayır. İnkişaf etmiş ölkələrdə rəqəmsal sahibkarlığı inkişaf etdirmək üçün xüsusi islahatlar aparılır, stimullaşdırıcı mexanizmlər tətbiq edilir. Azərbaycanın bu trendə qoşulması ölkə iqtisadiyyatının uzunmüddətli inkişafı baxımından çox vacibdir.

Banker.az bildirir ki, bu sözlər Azərbaycan Prezidentinin rəqəmsal ödənişlərin inkişafı ilə bağlı imzaladığı Dövlət Proqramında deyilir.

Proqramda deyilir ki, rəqəmsal sahibkarlığı inkişaf etdirmək üçün Azərbaycanda müvafiq addımlar atılmışdır. Hazırda Azərbaycanda universitetlərlə sıx əməkdaşlıq edən dövlət dəstəkli Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Ölkədə rəqəmsal sahibkarlıqla məşğul olmaq istəyən tələbələrə və iş adamlarına əvəzi ödənilmədən (pulsuz) kompüter və internetlə təmin edilmiş iş yerləri verilir, hüquqi yardım və konsaltinq xidmətləri göstərilir.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu vasitəsilə sahibkarlara qrantlar və kreditlər verilir. Lakin Fondun maliyyə dəstəyi yetərli olmadığı üçün özəl sektorun maliyyə resurslarından istifadə daha da aktuallaşmışdır. Vençur kapitallı fondların yaradılması üçün müəyyən təşviqlər də nəzərdə tutan normativ bazanın formalaşdırılması özəl sektoru rəqəmsal sahibkarlıq ideyalarına maliyyə dəstəyi verməyə stimullaşdıra bilər. Rəqəmsal sahibkarlığın inkişafı ilə bağlı fəaliyyətlərin koordinasiyası zəifdir.

Programda nəzərdə tutulan tədbir bunlardır

1. Hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hüquqi aktların layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi

Rəqəmsal sahibkarlıq fəaliyyətlərinin idarə edilməsi və təşviqi üçün hüquqi və institusional çərçivənin təkmilləşdirilməsi məqsədi ilə hüquqi aktların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcəkdir. Özəl investisiya fondlarının (məsələn, vençur kapitalı) yaradılması üçün tənzimləyici normaların təkmilləşdirilməsinə ehtiyac öyrəniləcəkdir. Startaplarda işləmək və ya yeni bir işə başlamaq üçün Azərbaycana gələn rəqəmsal sahibkarlar üçün ölkəyə daxilolma prosedurlarının (məsələn, xüsusi sahibkarlıq vizası verilməklə) asanlaşdırılması nəzərdən keçiriləcəkdir.

2. Startap layihələrinə qeyri-maliyyə dəstəyinin verilməsinin intensivləşdirilməsi məqsədilə təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi

Rəqəmsal sahibkarlıq subyektlərinə hüquqi yardım (məsələn, patent alınmasında) və İT dəstəyi (məsələn, internet infrastrukturu ilə təminat) verilməsinin intensivləşdirilməsi məqsədilə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək, biznes-inkubatorlar vasitəsilə mentorluq və işgüzar əlaqələrin qurulması dəstəklənəcək, maarifləndirici təlimlər keçiriləcəkdir.

3. Bizneslə elm, startaplarla iri şirkətlər arasında əməkdaşlığın gücləndirilməsinin təşviqi

İstedadlı gəncləri rəqəmsal sahibkarlığa cəlb etmək, onların bilik və bacarıqlarından startaplarda effektiv istifadə etmək üçün biznes –elm əməkdaşlığı dövlət tərəfindən təşviq ediləcəkdir. Yeni yaradılan məhsul, xidmət və texnologiyaların qısa müddətdə daxili və xarici bazarlara çıxarılması məqsədilə startaplarla iri dövlət müəssisələri və özəl şirkətlər arasında əməkdaşlıq təşviq ediləcəkdir.

Qeyd edək ki, Startap dünyasında tez-tez vençur kapitalları haqqında eşidilsə də hələ də bu Azərbaycan sahibkarlarının maraq dairəsində deyil. Əsas səbəb isə yerli investorlarımızın bu barədə kifayət qədər məlumatı yoxdur.

Son xəbərlər
Digər xəbərlər