2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda “vitrin və kassa qiymətindəki fərq” problemi niyə həllini tapmır?

Bu ilin I yarısında Azərbaycandakı mağazalarda məhsulların vitrin və kassa qiymətlərindəki fərqlərə görə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə indiyədək olmadığı qədər müraciətlər daxil olub.

Bunu iyulun 7-də qurumun İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov bildirib.

Bəs bu problem niyə həllini tapmır? İstehlakçılar belə hallarla qarşılaşdıqda nə etməlidir?

Dövlət Xidmətindən deyirlər ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, satıcı alıcını maraqlandıran malın (işin, xidmətin) qiyməti barədə ona düzgün məlumat verməlidir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələblərinə əsasən isə satışda olan malın üzərində onun adı, növü və qiyməti göstərilməli, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Malın adı, növü və çəkisi qablaşdırmada göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri olmalıdır.

Məhsulun satış qiyməti məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində (İXM) inzibati məsuliyyət tədbiri nəzərdə tutulub. Belə ki, Məcəllənin 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslərin malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını az miqdarda aldatmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-6000 manat inzibati qaydada cərimə edilir. Az miqdarda aldadılma dedikdə 300 manatdan yuxarı olmayan məbləğ başa düşülür. Aldadılma məbləği 300 manatdan çox olarsa, cinayət məsuliyyəti yaranır.

İstehlakçı məhsul alarkən vitrinlə kassa qiymətləri arasındakı fərqlə qarşılaşdığı zaman mağaza rəhbərliyinə müraciət edə, məhsulun vitrində göstərilən qiymətlə satılmasını tələb edə, eyni zamanda, Dövlət Xidmətinə müraciət edə bilər.

Bu il hesabda aldadılma ilə bağlı quruma daxil olmuş 85 vətəndaş müraciətinin araşdırılması zamanı 19 halda vətəndaşların təqdim etdiyi sübutlar əsasında onların hesabda aldadılması faktı müəyyənləşdirilib və pozuntuya yol vermiş sahibkarlar barəsində inzibati xəta haqqında protokol tərtib olunub. (Ötən ilin eyni dövründə 23 vətəndaş şikayəti üzrə 3 protokol tərtib edilmişdi). Cari ildə 2 vəzifəli şəxs 1 500 manat cərimə olunub. 17 hüquqi şəxs barəsində tərtib edilmiş protokol isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

“İstehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda, bu halı təsdiq edən faktlar və pozuntuya yol vermiş ticarət obyekti barədə dəqiq məlumatları təqdim etməklə Dövlət Xidmətinin rəsmi internet səhifəsinə, elektron poçt – [email protected] və “195-1” Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər”, – deyə qurum bəyan edib.

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov isə bildirir ki, hər həftə quruma qiymət fərqi ilə bağlı 4-5 müraciət daxil olur: “Mən də bir istehlakçı kimi bunları müşahidə edirəm. Bunu süni qiymət artımı da adlandırmaq olar. Bu cür hallarla qarşılaşan istehlakçı əvvəlcə vitrindəki malın qiymətini telefonla çəkməli, sonra kassa çeki ilə uyğunlaşdırmalı, uyğunsuzluq varsa çekdə göstərilən qiyməti çəkməlidir. Marketin rəhbərliyinə bunu bildirdikdə nəticə olmazsa məlumatları aidiyyəti quruma göndərmək və “195” qaynar xəttinə məlumat vermək lazımdır”.

Onun sözlərinə görə, daxil olan şikayətlər araşdırılarkən çox zaman bunu unutqanlıqla əlaqələndirirlər: “Şikayətlərə baxdıqda görərik ki, vitrindəki qiymət heç zaman kassa qiymətindən çox olmur. Əgər bu yanlışlıq unutqanlıqdan yaranırsa o zaman vitrin qiymətinin kassa qiymətindən az olduğu halla da rastlaşmalıyıq”.

“Problemn aradan qaldırılması üçün istehlakçı hüquqlarını qoruyan qanuna dəyişikliklər və əlavələr edilməlidir. Türkiyə və Rusiyadakı mövcud təcrübə marketlərə tətbiq olunarsa bu sahədə müəyyən nəticələr əldə etmək olar. Həmçinin marketlərdə yaşanan xoşagəlməz halların qarşısının alınmasında ictimai nəzarətin də rolundan istifadə etmək mümkündür”, – deyə ekspert fikrini tamamlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər