Azərbaycanda xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) dövlət qeydiyyatı elektron qaydada aparılacaq.
Bu, Milli Məclisin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə, onun qeydiyyatını təsdiq edən sənədlər – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və qeydiyyatı təsdiq edən digər əlaqəli sənədlər ərizəyə əlavə olunmalıdır. Qeydiyyatı təsdiq edən sənədlərin konsul leqallaşdırması tələb olunduğu zaman bu sənədlər həmin xarici hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), Azərbaycan Respublikasının hüdudlarından kənarda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim olunur. Qeydiyyatı təsdiq edən sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya diplomatik nümayəndəlik (konsulluq) tərəfindən leqallaşdırılaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsinin təsdiq olunması məqsədilə “Elektron notariat” informasiya sisteminə, tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sisteminə ötürüləcək. Elektron şəhadətnamə (apostil) verilmiş xarici rəsmi sənədlər isə “Notariat haqqında” qanuna uyğun olaraq yoxlanıldıqdan və “Elektron notariat” informasiya sistemi vasitəsilə tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.
Elektron dövlət qeydiyyatı zamanı ərizədə təsisçi (təsisçilər) fəaliyyət sahəsi, işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını göstərəcək, özü tərəfindən daxil edilmiş məlumatlara əsasən elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olacaq və onu gücləndirilmiş elektron imza ilə təsdiq edəcək.
Konsul leqallaşdırılması tələb olunan sənədlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə təqdim olunması ilə bağlı müddəaları həmin informasiya sistemi fəaliyyətə başladıqdan və aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə inteqrasiya olunduqdan sonra qüvvəyə minəcək.
Qeyd edilib ki, təklif edilən dəyişikliklər özündə hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosedurunun həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərin daha təkmil şəkildə tənzimlənməsini ehtiva edir. Belə ki, yeni müddəalara əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı ilə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə fərqli) proseduru fərqləndirilir. Təkmilləşmə həmçinin adi və sürətli elektron qeydiyyat prosedurunun həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərə də şamil edilir. Layihədə işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarının qeydiyyat prosesi başa çatdıqdan sonra müəyyən edilmiş informasiya sisteminə avtomatik olaraq ötürülmə ilə əlaqədar, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə, onun qeydiyyatını təsdiq edən sənədlərin digər informasiya sistemlərinə ötürülməsi ilə əlaqədar, habelə hüquqi şəxsin adında istifadəsi qadağan edilən simvollara dair ümumi qaydalar müəyyən edilir. Layihədə həmçinin hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından imtinanın qanunvericilik əsaslarına yeni hallar əlavə edilir.
Layihədə təklif olunan digər dəyişikliklər “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli təkliflərdir.