Hər biriniz uşaqlıqdan Monopoliya oyunu ilə tanışsınız. Bu oyun 1935-ci ildə yarandığı gündən etibarən milyonlarla ailənin sevimli masaüstü oyununa çevrilmişdir. Hal-hazırda dünyada 80 mindən artıq masaüstü oyun mövcuddur. Belə oyunlardan biri də Azərbaycanda ilk dəfə işıq üzü görmüş ailəvi ticarət masaüstü oyunu “Grand Bazaar”dır.
“Grand Bazaar” oyunun müəllifi Sənan Mahmudov oyunla bağlı suallarımıza cavab verərkən qeyd etmişdir ki, oyunu 8 yaşdan yuxarı hər kəs oynaya bilər. “Grand Bazaar” dostları, ailə üzvlərini bir araya gətirərək şən atmosferdə riyazi bilik və bacarıqlarını, ticarət edə bilmə qabiliyyətlərini, proqnoz vermə istedadlarını nümayiş etdirmək üçün gözəl bir vasitədir. www.bgbaku.com saytında satışı təşkil olunan “Grand Bazaar” oyunun qiyməti də cəmi 20 manatdır. Yerli bazarın kiçik və məhdud, habelə masaüstü oyunların Azərbaycanda populyar olmamasını nəzərə aldığını qeyd edən Sənan Mahmudov bildirmişdir ki, əsas məqsəd oyunu ixrac edərək xarici ölkələrdə masaüstü oyun sevənlər arasında yaymaqdır. S.Mahmudova bu istiqamətdə uğurlar arzulayırıq. Grand Bazaar olsun!