7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda yeni tələbə yataqxanaları tikiləcək

Xəbər verdiyimiz kimi, Azərbaycanda olan iki peşə təhsili verən müəssisəsinin bazasında Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi təsis ediləcək.

Bu barədə məlumat “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsinin Azərbaycanın öhdəlikləri maddəsində yer alıb.

Sənədə əsasən, hər bir təhsil müəssisəsi üçün 100 tələbə tutumu olan qız və oğlan yataqxanası inşa olunacaq, tələbata uyğun olaraq yataqxananın tutumu tədricən artırılacaq.

Türkiyədən Azərbaycana ezam olunacaq rəhbər işçi və müəllimlər üçün hər bir peşə təhsili müəssisəsinin ərazisi daxilində 2 otaq+1 zaldan ibarət beş mənzil və 3 otaq+1 zaldan ibarət beş mənzil olmaqla, 10 mənzillli yaşayış sahəsi inşa ediləcək.

Peşə təhsili müəssisələrinin binaları, yataqxana və yaşayış sahəsinin tikintisi və təchizat işləri tamamlandıqdan sonra Azərbaycan tərəfi ilə Türkiyə tərəfinin təlim-tədrisə uyğunluğuna dair rəyi razılaşdırılmaqla, rəsmi açılış üçün rəyləri alınmaqla açılış mərasimi həyata keçiriləcək.

Türkiyədən Azərbaycana göndəriləcək hər növ tədris materialları gömrük rüsumundan azad ediləcək.

Türkiyə tərəfindən Azərbaycandakı peşə təhsili müəssisələrinə təyin edilən rəhbər işçiləri və müəllimləri Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınmasından azad ediləcək, həmçinin, bu şəxslərin və onların himayəsində olan ailə üzvlərinin (arvad (ər), 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladların və himayəsində olan valideynlər) ödənişsiz şəkildə ölkə ərazisində yaşama icazələri əldə etmələri təmin olunacaq.

Layihədə Türkiyənin öhdəlikləri də təsbit olunub.

Belə ki, Türkiyə tərəfi peşə təhsili müəssisələri (Anadolu peşə və texniki liseyi və ya peşə təhsili mərkəzi) kimi istifadə edilmək üzrə müəyyən edilən binalarda Azərbaycan tərəfi ilə razılaşdırılaraq müəyyən edilən beş peşə sahəsinin emalatxana və laboratoriya təchizatını təmənnasız həyata keçirmək öhdəliyi götürür.

Türkiyə tərəfindən Azərbaycana göndərilən rəhbər işçi, müəllim, tələbə və digər işçilərin kurs, təcrübə, müəssisələrdə bacarıq təlimi, xidmətdaxili təlim, sosial, mədəni, incəsənət, elmi, idman fəaliyyətləri və yarışları üçün lazım olan nəqliyyat, qalmaq və iaşə xərclərini qarşılamaq da bu öhdəliklərə daxildir.

Azərbaycanda qüvvədə olan qanunvericiliyə uyğun olaraq lazımi ödənişləri Türkiyə tərəfi etməlidir.

Son xəbərlər
Digər xəbərlər