Şahdəniz qaz yatağında 2026-cı ilin ilk yarısında ümumi xərclər təxminən 2 milyard 106 milyon dollar təşkil edib.
Banker.az xəbər verir ki, hesabat dövründə Şahdəniz üzrə əməliyyat xərcləri 1 milyard 394 milyon dollar, əsaslı xərclər isə 712 milyon dollar olub. 2025-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 1 milyard 282 milyon və 472 milyon dollar təşkil edib.
Beləliklə, ümumi xərclər illik müqayisədə 552 milyon dollar və ya 31,8% artıb. Əməliyyat xərcləri 112 milyon dollar (8,7%), əsaslı xərclər isə 240 milyon dollar (50,8%) yüksəlib.
İlin ilk altı ayında Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təxminən 14 milyard kubmetr qaz və 2 milyon ton kondensat hasil edilib. Ötən ilin eyni dövründə qaz hasilatı təxminən 14 milyard kubmetr, kondensat hasilatı isə 2 milyon ton olub.
Şahdəniz 2 layihəsi çərçivəsində qərb cinahında beşinci quyu aprel ayında işə salınıb. Ümumilikdə layihə çərçivəsində qazılmış quyuların sayı 24-ə çatıb. Bu, 2025-ci ilin ilk yarısındakı 22 quyudan 2 quyu çoxdur.
Bildirilir ki, Şahdəniz üzrə əsas yeni mərhələlərdən biri 2,9 milyard dollarlıq Şahdəniz Kompressiya (ŞDK) layihəsidir. 2026-cı ilin ilk yarısında layihə üzrə tikinti işləri qrafiki qabaqlayaraq davam edib, platformanın üst modulları və dayaq blokunun tikintisinə başlanılıb, sualtı kabel və boru hissələrinin istehsalı başa çatdırılıb.
ŞDK layihəsinin məqsədi yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarının hasilata cəlb edilməsidir. Layihənin Şahdənizdən əlavə 50 milyard kubmetr qaz və 25 milyon barelə yaxın kondensat hasilatına və ixracına imkan verəcəyi gözlənilir.
Layihənin tikintisinin 2029-cu ildə başa çatdırılması, həmin il Şahdəniz Alfa, 2030-cu ildə isə Şahdəniz Bravo platformalarından hasil edilən qazın kompressiya edilməsinə başlanılması planlaşdırılır.
Şahdənizdə iştirak payları bp (29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%) və MVM-dən (5,00%) ibarətdir.







