Azərbaycanda zərərvericilərlə mübarizə tədbirləri çərçivəsində məhv edilən bitkilərə görə sahibkarlara dəymiş ziyanın tənzimlənməsi nəzərdə tutulur.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Elxan Mikayılov “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsinin “Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyində keçirilən ictimai müzakirəsində bildirib.
Onun sözlərinə görə, bu məsələ də yeni qanun layihəsinə əlavə ediləcək: “Ziyanın tənzimlənməsi üçün komissiya yaradılması nəzərdə tutulur. Komissiya zərərvericilərə görə məhv edilmiş bitkiləri aktlaşdıracaq və ziyanı hesablayacaq. Bu təklifə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi mövqe bildirməlidir”.
AQTA rəsmisi qeyd edib ki, Avropa İttifaqında sahibkarlara dəymiş ziyanın ödənilməsi üçün ayrıca fond fəaliyyət göstərir və bu təcrübəni Azərbaycanda da tətbiq etmək olar: “Avropa İttifaqı ölkələrində zərərli orqanizmlərin idarə olunması məqsədilə onlar təsnif edilərək A1, A2 və A3 kateqoriyalarına ayrılıb. Bu təsnifat sistemi zərərli orqanizmlərin yayılma riski, təsir dairəsi və mübarizə çətinliyi kimi meyarlar əsasında qurulub. A1 kateqoriyasına daxil olan orqanizmlər hələ həmin ərazilərdə yayılmamış, lakin ciddi təhlükə potensialına malik olan zərərvericilərdir. A2 kateqoriyasına daxil olanlar artıq məhdud şəkildə yayılmış, lakin idarəolunan səviyyədə olan orqanizmlərdir. A3 kateqoriyası isə spesifik ölkə və ya regionlara aid zərərli orqanizmləri əhatə edir. Zərərvericilərin A1,A2,A3-də olmasına baxmayaraq həm dövlət qurumları, həm də sahibkarlar birgə mübarizə aparır. Məsələn, Azərbaycanda buna bənzər çəyirtgələr və gəmiricilərlə birgə mübarizə aparılır”.
O əlavə edib ki, qanun layihəsində nəzərdə tutulan yeniliklərdən biri də xüsusi təhlükəli orqanizmlərin siyahısının tərtib olunmasıdır ki, bu da onlara qarşı davamlı mübarizə tədbirlərinin aparılmasına imkan yaradacaq: “Əgər karantin tədbirləri nəticə verməzsə, alternativ və daha təsirli tədbir olaraq, yoluxmuş bitkilərin toplanaraq məhv edilməsi nəzərdə tutulur”.
“Yeni qanun layihəsi 10 fəsil və 46 maddədən ibarətdir və onun hazırlanmasına beynəlxalq ekspertlər də cəlb olunub. Təqdim olunan qanun layihəsi Azərbaycan ərazisində bitki sağlamlığının təmin olunması məqsədilə həyata keçirilən fitosanitar nəzarət və xidmət fəaliyyətlərinin hüquqi əsaslarını müəyyən edir, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətləri tənzimləyir. Layihə üzrə bütün təkliflər toplanaraq dəyərləndiriləcək. Qanunun əsas məqsədi ölkədə sahibkarlıq subyektləri üçün əlverişli şəraitin yaradılmasıdır”,- E.Mikayılov qeyd edib.