9 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycanı hədələməyi, qorxutmağı İran üçün əks-effekti olacaq”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT sessiyası çərçivəsində Nyu-Yorkda İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüb. Mövlud Çavuşoğlu və Hüseyn Əmirabdullahian Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, İran-Azərbaycan münasibətlərində gərginlik var və davam edir.

“Azərbaycan İranla münasibətlərdə problem istəmir”.

Politoloq deyir ki, İran yükləri Ermənistan üzərindən qanunsuz olaraq Qarabağa yanacaq daşıyırsa və ali dini liderin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amuli Azərbaycanı hədələyirsə, aydındır ki, bunlar cavabsız qalmayacaq.

“Üstəgəl Tehran Türkiyə-Azərbaycan hərbi ittifaqını yanlış olaraq özü üçün təhlükə sayaraq sərhəddə hərbi təlimlərə başlayıb. Əlbəttə, İranın harada təlim keçirməsi daxili işidir. Ancaq bu halda haqlı sual yaranır: Azərbaycanın sərhəd bölgələri 27 il işğal altında olduğu halda Arazın o tayında hərbi təlimlər keçirilməzkən, nədən torpaqlar işğaldan azad olunduqdan sonra Tehran həmin məntəqədə təlim keçirməyə qərar verdi?”

elxan 2 e1586858227984 768x403 1
E.ŞAHİNOĞLU

Mövcud durum Türkiyəni də narahat edir. Ona görə üçtərəfli görüşə ehtiyac yaranıb ki, məsələlərə aydınlıq gətirilsin. “Əslində Azərbaycan-Türkiyə-İran üçtərəfli formatı illərdir mövcuddur. Bu format əsasında xarici işlər nazirlərinin görüş təşəbbüsü Tehrandan gəlib ki, görüş yeri kimi İran paytaxtı seçilib. Bu görüşə qədər Tehran yanacaq dolu yüklərinin Qarabağa girişlərini qadağan etsə, indidən müsbət atmosfer yaratmış olar. Digər tərəfdən Tehran nədənsə narahatdırsa, bunu Amulinin aşağılayıcı dili ilə deyil diplomatların və rəsmilərin görüşündə  səsləndirə bilər”- deyə E.Şahinoğlu deyir.

Politoloq, İran-Azərbaycan münasibətlərində suallar heç zaman azalmayacağını deyir:

“Önəmli olan görüşlər və müzakirələr vasitəsilə iki qonşu dövlətin gərginliyi süni surətdə artırılmasına yol verməməkdir. Misal üçün İran səfirinə Bakıda verilən notadan sonra Qarabağa yenə yük daşımaq və ya Seyid Amulinin əlinə mətn verib Azərbaycanı hədələmək gərginliyin süni surətdə artırılmasıdır. Bu halda gərginliyə yaşıl işıq yandıranın zərəri daha çox olacaq. Tehranda anlamalıdırlar ki, Azərbaycanı hədələməyin, qorxutmağın İran üçün əks-effekti olacaq”.

Son xəbərlər
Digər xəbərlər