Tekstil fabriki “GİLTEX” MMC 2024-cü il ərzində 61,89 milyon manat məbləğində əsas əməliyyat gəliri əldə edib.
Banker.az xəbər verir ki, şirkət hesabatı bir illik təqdim etdiyindən və hesabatın öncəki illərinin açıq mənbələrdə olduğundan müqayisəsi mümkün olmayıb.
Hesabat dövrü ərzində şirkətin cəmi əməliyyat xərcləri 62,66 milyon manat təşkil edib. Bura hazır məhsul və ehtiyatlardakı dəyişikliklər üzrə 26,92 milyon manat, işçi heyəti üzrə 12,19 milyon manat, amortizasiya üzrə 7,83 milyon manat və sair əməliyyat xərcləri üzrə 15,70 milyon manat daxildir.
Xərclərin gəlirləri üstələməsi nəticəsində şirkət ili 770 min manata yaxın xalis zərər ilə başa vurnasına gətirib çıxarıb.
01 yanvar 2025-ci il tarixinə şirkətin cəmi aktivləri 89,63 milyon manat, cəmi kapitalı isə 69,39 milyon manat təşkil etmişdir.
Xatırladaq ki, GiLTEX Tekstil Fabriki 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Şirkət Cənubi Qafqazda vertikal inteqrasiya sistemi ilə qurulmuş, tekstil istehsalı prosesinin bütün texnoloji mərhələlərini əhatə edən yeganə müəssisədir. Əsas xammal olaraq Azərbaycan pambığından istifadə edən fabrikdə müxtəlif növ tekstil məhsulları istehsal edir. Fabrikin ərazisi ümumilikdə 15 hektar, 70.000 m2 istehsal sahəsini əhatə etməklə 1000-dən çox personala sahibdir. Şirkətin açıqlamasına görə illik istehsal gücü 18 milyon metr parça, 1800 ton trikotaj, 1 milyon yataq dəsti və 250 min yuniformaya qadirdir.






