11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın 2015-ci il büdcəsinin gəlirlərində 10%-lik kəsr yaranıb

Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 438,0 mln. manat proqnoza qarşı 90,0% icra olunaraq 17 498,0 mln. manat olub. Bu göstərici 2014-cü illə müqayisədə 902,6 mln. manat və ya 4,9% azdır. Bu məlumatlar Maliyyə Nazilriyinin “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsi və Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrasına dair hesabatında göstərilib.

Məlumatda deyilir ki, 2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 8130,0 mln. manatı və ya 46,5%-i Azərbaycan Dövlət Neft Fondundan transfertin, 7 118,3 mln. manatı və ya 40,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 591,9 mln. manatı və ya 9,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 657,8 mln. manatı və ya 3,7%-i digər mənbələr üzrə daxilolmaların payına düşüb.

Bundan əlavə, 202,2 mln. manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 7,6 mln. manatı Əmlak Məsələləri Dövlət Komitəsindən daxilolmalar, 448,0 mln. manatı sair daxilolmalar hesabına formalaşır.

Ötən il büdcə daxilolmalarının 41,6%-ni qeyri-neft sektorundan gəlirlər təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 7,6 faiz bəndi, 2013-cü illə müqayisədə 14,7 faiz bəndi çoxdur.

Həmçinin, 2015-ci il dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 7 278,1 mln. manat və ya 107,8% icra edilməklə, proqnozla nəzərdə tutulduğundan 528,1 mln. manat, 2014-cü illə müqayisədə 1 021,6 mln. manat və ya 16,3% çox olub. Qeyd edilən ildə qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 19,3% olub ki, bu da 2014-cü ilə nisbətən 1,9 faiz bəndi çoxdur.

Bundan əlavə, 2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 7 112,0 mln. manat proqnoza qarşı 7 118,3 mln. manat, yəni nəzərdə tutulduğundan 6,3 mln. manat və ya 0,1%, 2014-cü illə müqayisədə isə 4,6 mln. manat (0,1%) çox icra olunub.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 5 028,4 mln. manatı və ya 70,6%-i qeyri-neft sektoru, 2 089,9 mln. manatı və ya 29,4%-i neft sektorunun payına düşüb. Neft sektoru üzrə daxilolmaların 1 409,5 mln. manatını Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), 680,4 mln. manatını isə neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edib.

DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 590,0 mln. manat proqnoza qarşı 1 591,9 mln. manat və ya 100,1% icra olunub ki, bu da 2014-cü illə müqayisədə 81,1 mln. manat (5,4%) çoxdur.

Fiziki şəxslərdən gəlir vergisi üzrə daxilolmalar 982,0 mln. manat proqnoza qarşı 982,5 mln. manat və ya 100,1% icrası təmin edilib ki, bu da 2014-cü illə müqayisədə 2,2 mln. manat və ya 0,2% çoxdur.

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə proqnoz 2 211,1 mln. manat və ya 100,0% icra olunub. Bu tədiyə növü üzrə daxil olan vəsaitin 62,7%-i (1 385,8 mln. manatı) qeyri-neft sektoru, 37,3%-i (825,3 mln. manatı) neft sektorunun payına düşür. Neft sektoru üzrə mənfəət vergisidən daxilolmaların 144,9 mln. manatı SOCAR, 680,4 mln. manatı neft-qaz sahəsində hasilatın pay bölgüsü üzrə podratçı təşkilatlar tərəfindən təmin edilib.

Hüquqi şəxslərin torpaq vergisi üzrə 48,0 mln. manat proqnoza qarşı icra 48,7 mln. manat və ya 101,4% olub ki, bu da 2014-cü ilə nisbətən 13,3 mln. manat və ya 37,6% çoxdur. Bu daxilolmaların 52,4%-i (25,5 mln. manatı) qeyri-neft, 47,6%-i (23,2 mln. manatı) neft sektorunun payına düşür.

Hüquqi şəxslərin əmlak vergisi üzrə 148,0 mln. manat proqnoz 148,2 mln. manat və ya 100,1% icra olunub ki, bu da 2014-cü ilə nisbətən 6,9 mln. manat və ya 4,9% çoxdur. Bunun 67,5%-i (100,0 mln. manatı) qeyri-neft, 32,5%-i (48,2 mln. manatı) neft sektoru hesabına formalaşıb.

Əlavə dəyər vergisi üzrə 3 456,0 mln. manat proqnoza qarşı icra 3 454,7 mln. manat və ya 99,97% olub ki, bu da 2014-cü ilə nisbətən 335,1 mln. manat (10,7%) çoxdur. Həmin tədiyyə növü üzrə Vergilər Nazirliyinin xətti ilə 2 352,0 mln. manat proqnoza qarşı icra 2 353,5 mln. manat və ya 100,1% olub ki, bu da 2014-cü ilə nisbətən 304,9 mln. manat (14,9%) çoxdur. ƏDV üzrə daxil olan vəsaitin 82,9%-i (1 950,2 mln. manatı) qeyri-neft, 17,1%-i (403,3 mln. manatı) neft sektorunun payına düşür.

DGK-nin xətti ilə 1 104,0 mln. manat proqnoza qarşı faktiki olaraq 1 101,1 mln. manat ƏDV (icra – 99,7%) toplanılıb ki, bu da 2014-cü ilə nisbətən 30,1 mln. manat və ya 2,8% çoxdur.

Sadələşdirilmiş vergi üzrə icra 145,0 mln. manat proqnoza qarşı 168,0 mln. manat və ya 115,9% olub ki, bu da 2014-cü ilə nisbətən 14,6 mln. manat və ya 9,5% çoxdur.

Aksizlər üzrə 684,0 mln. manat proqnoza qarşı icra 647,8 mln. manat və ya 94,7% olub ki, bu da 2014-cü ilə nisbətən 149,5 mln. manat və ya 18,8% azdır.

Vergilər Nazirliyinin xətti ilə aksiz vergisi üzrə daxilolmalar 564,0 mln. manat proqnoza qarşı icra 564,2 mln. manat və ya 100,0% olub. Aksizlər üzrə daxil olan vəsaitin 91,4%-i (515,6 mln. manatı) neft, 8,6%-i (48,6 mln. manatı) qeyri-neft sektorunun payına düşür.

DGK xətti ilə aksizlər üzrə 120,0 mln. manat proqnoza qarşı icra 83,6 mln. manat və ya 69,7% olub ki, bu da 2014-cü ilə nisbətən 26,6 mln. manat və ya 46,6% çoxdur. Proqnozun icra edilməməsinin əsas səbəbi minik avtomobillərinin idxalının azalması ilə bağlı olub.

Yol vergisi üzrə 67,6 mln. manat proqnoza qarşı icra 79,8 mln. manat və ya 118,0% olub ki, bu da 2014-cü ilə nisbətən 40,6 mln. manat və ya 103,5% çoxdur.

Vergilər Nazirliyinin xətti ilə yol vergisi üzrə icra 50,0 mln. manat proqnoza qarşı 60,0 mln. manat və ya 120,0% olub ki, bu da 2014-cü ilə nisbətən 37,7 mln. manat və ya 1,7 dəfə çoxdur.

DGK-nin xətti ilə yol vergisi 17,6 mln. manat proqnoza qarşı 19,8 mln. manat və ya 112,4% olub ki, bu da 2014-cü illə müqayisədə 2,9 mln. manat və ya 17,1% çoxdur.

Mədən vergisi üzrə 116,0 mln. manat proqnoza qarşı icra 116,2 mln. manat və ya 100,2% olub ki, bu da 2014-cü ilin səviyyəsindədir. Mədən vergisi üzrə daxilolmaların 97,1%-i (112,8 mln. manat) neft, 2,9%-i (3,4 mln. manat) qeyri-neft sektorunun payına düşür.

Gömrük rüsumları üzrə daxilolmalar 348,4 mln. manat proqnoza qarşı 387,4 mln. manat və ya nəzərdə tutulduğundan 39,0 mln. manat (11,2%) çox təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 21,5 mln. manat və ya 5,9% çoxdur.

Bununla yanaşı, 115,0 mln. manat proqnoza qarşı 94,7 mln. manat (82,3%) həcmində dövlət rüsumları büdcəyə köçürülüb. Bunun kəsirlə icra olunmasının səbəblərindən biri ümumi iqtisadi fəallığın aşağı düşməsi ilə yanaşı, “ASAN xidmət”in dövriyyəsinin genişlənməsi və bunun nəticəsində qanunvericiliyə uyğun olaraq hesablanan müvafiq dövlət rüsumlarının 30%-nin həmin xidmətlərin maddi-texniki təminatının yaxşılaşdırılmasına yönəldilməsi ilə bağlıdır.

Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 195,0 mln. manat proqnoza qarşı 183,8 mln. manat və ya 94,2% olub ki, bu da 2014-cü illə müqayisədə 129,4 mln. manat və ya 41,3% azdır. Daxilolmaların proqnozda nəzərdə tutulduğundan az icra olunmasının səbəbi 2015-ci ildə xam neftin dünya bazarında orta satış qiymətinin dövlət büdcəsi gəlirlərinin proqnozunun hesablanması zamanı nəzərdə tutulmuş qiymətindən aşağı olması ilə bağlıdır.

Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 6,0 mln. manat proqnoza qarşı icra 7,5 mln. manat olub ki, bu da proqnoza nisbətən 1,5 mln. manat (25,0%), 2014-cü illə müqayisədə isə 3,2 mln. manat və ya 74,4% çoxdur. Bu artım əsasən əvvəlki illər üzrə hesablanmış icarə haqlarının dövlət büdcəsinə tam ödənilməsi ilə bağlıdır.

Vergilər Nazirliyinin xətti ilə sair daxilolmalar üzrə dövlət büdcəsində nəzərdə tutulan proqnoza tam əməl edilərək 180,0 mln. manat vəsait təmin olunub ki, bu da 2014-cü illə müqayisədə 35,5 mln. manat və ya 24,5% çoxdur.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar isə 202,2 mln. manat təşkil edib.

Dövlət əmlakı, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 7,0 mln. manat proqnoza qarşı icra 7,6 mln. manat olub ki, bu da proqnozla müqayisədə 0,6 mln. manat və ya 8,7%, 2014-cü ilə nisbətən isə 0,3 mln. manat və ya 4,2% çoxdur.

ARDNF-dən dövlət büdcəsinə edilmiş transfertlər üzrə 10 388,0 mln. manat proqnoza qarşı icra 8 130,0 mln. manat olub və bu, nəzərdə tutulandan 2 258,0 mln. manat (21,7%) azdır.

Sair daxilolmalardan dövlət büdcəsinə 448,0 mln. manat vəsait təmin olunub. Burada xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 14,1 mln. manat proqnoza qarşı 18,6 mln. manat və ya 4,5 mln. manat çox olub. Proqnozun artımla icra olunmasının əsas səbəbi manatın devalvasiyası ilə bağlıdır. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə 2,5 mln. manat proqnoza qarşı icra 0,6 mln. manat az olub. Bunun səbəbi “Azərlotereya” ASC tərəfindən dividendlər üzrə nəzərdə tutulmuş vəsaitin dövlət büdcəsinə ödənilməməsi olub.

Aksiz markalarının satışından daxilolmalar üzrə 3,0 mln. manat proqnoza qarşı icra 4,1 mln. manat olub ki, bu da proqnoza nisbətən 1,1 mln. manat (37,1%), 2014-cü illə müqayisədə isə 0,1 mln. manat və ya 3,3% çoxdur.

Bundan əlavə, sair daxilolmalardan 21,5 mln. manat proqnoza qarşı 424,7 mln. manat daxil olub. Daxil olan vəsaitin 4,6 mln. manatı sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar, 8,3 mln. manatı Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun daxilolmaları, 358,8 mln. manatı xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərqin məbləğindən daxilolmalar, 53,0 mln. manatını digər daxilolmalar təşkil edib.

Report

Son xəbərlər
Digər xəbərlər