Azərbaycanın iri IT şirkətinin xalis mənfəəti 43% azalıb

“Bestcomp Group” QSC 2025-ci ili 15,1 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 42,6% azdır.

Banker.az şirkətin birləşdirilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, mənfəətin azalması əməliyyat gəlirlərinin 1,9% azalaraq 190,4 milyon manata enməsi ilə bağlıdır. Şirkətin bölüşdürülməmiş mənfəəti isə ilin sonunda 22,1 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,9% azdır. Buna səbəb səhmdarlara 2024-cü ildəki həcmdə 2025-ci ildə əlavə 13.79 milyon manatlı dividendin ayrılmasıdır.

Şirkətin ümumi gəlirləri 2025-ci ildə 191,5 milyon manata çatıb və illik müqayisədə 2% azalıb. Bu dövrdə əməliyyat gəlirləri 190,4 milyon manat olub ki, bu da 1,9% azalma deməkdir. Ümumi xərclər isə 173,7 milyon manat təşkil edərək əvvəlki illə müqayisədə cəmi 0,3% azalıb. Beləliklə, gəlirlərin azalması xərclərin azalmasını üstələdiyi üçün gəlir-xərc nisbəti zəifləyib və əməliyyat mənfəəti 40,4% azalaraq 18,5 milyon manata düşüb.

2025-ci ilin sonuna “Bestcomp Group”un cəmi aktivləri 117,8 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 5,5% çoxdur. Aktivlərin əsas hissəsini 39,4 milyon manatlıq ehtiyatlar təşkil edib və onların ümumi aktivlərdə payı 33,4% olub. Debitor borcları 22,0 milyon manata yüksələrək 15,4% artıb və aktivlərin 18,7%-ni təşkil edib. Şirkətin maliyyə hesabatında kredit portfeli göstərilmədiyi üçün aktivlərin əsas hissəsi ehtiyatlar və debitor borcları hesabına formalaşıb.

Şirkətin cəmi öhdəlikləri il ərzində 5,6% artaraq 85,9 milyon manata yüksəlib. Bunun fonunda cəmi kapital 1,2% artaraq 31,9 milyon manat təşkil edib.

Xatırladaq ki, 1995-ci ildə yaradılan “Bestcomp Group” şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. “Bestcomp Group” informasiya texnologiyaları, sistem inteqrasiyası, proqram təminatı, kibertəhlükəsizlik, server və şəbəkə həlləri, məlumat mərkəzləri və rəqəmsal transformasiya layihələrinin icrası sahəsində fəaliyyət göstərən şirkətlər qrupudur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər