11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanın İslam Korporasiyasına üzvlüyü ilə bağlı qətnamə qəbul olunub

İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 47-ci İllik Toplantısı çərçivəsində Azərbaycanın İİB Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasına üzvlüyü ilə bağlı qətnamə qəbul olunub.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Şarm Əl-Şeyx şəhərində keçirilən toplantıda Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib, müzakirələr aparıb.

Nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin İİB-in vitse-prezidenti Mənsur Muxtarla görüşündə işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında əməkdaşlıq, KOB-ların dəstəklənməsi, bankların maliyyələşdirilməsi, enerji və qida təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əl-Xəlifə ilə görüşdə Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verilib və qarşıya qoyulmuş hədəflər çərçivəsində Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqda maraqlı olduğu bildirilib, prioritet sahələrin inkişafı istiqamətində əlaqələrin genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Müdirlərin Dəyirmi Masasında çıxış edən iqtisadiyyat nazirinin birinci müavini işğaldan azad edilən ərazilərin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, bu sahədə beynəlxalq tərəfdaşların iştirakının, eləcə də qlobal enerji və qida təhlükəsizliyi sahəsində mövcud və potensial problemlərin həlli istiqamətində ölkələrin həmrəyliyinin önəmini qeyd edib.

Toplantı çərçivəsində həmçinin, İslam İnkişaf Bankı Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (İTFC) rəhbəri Hani Salem Sonbol ilə də görüş keçirilib. Tərəflər Azərbaycanın işğaldan azad edilən ərazilərinin inkişafı istiqamətində İTFC ilə əməkdaşlıq, eləcə də Azərbaycanın ixrac potensialının gücləndirilməsində Korporasiyanın rolu müzakirə edilib, bu istiqamətdə həyata keçiriləcək növbəti birgə addımlar barədə razılığa gəlinib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər