Azərbaycan hökuməti 2023-cü il üzrə makroiqtisadi proqnozlarını yeniləyib.
Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlara əsasən, ümumi daxili məhsul (ÜDM) 106,0 milyard manat, qeyri-neft/qaz ÜDM 73,3 milyard manat, real artım tempi isə müvafiq olaraq 2.7 və 4.5 faiz səviyyəsində götürülmüşdür. Lakin, 2023-cü ilin ötən dövrünün makro-iqtisadi nəticələri ilə yanaşı, fiskal icra göstəriciləri və əmtəə bazarlarının konyukturası cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirmişdir.
Yenilənmiş makroiqtisadi proqnozlara əsasən 2023-cü ildə baza ssenari üzrə ÜDM-in real ifadə 1,8 faiz artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft/qaz ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.
Cari ilin yanvar-iyun aylarında qeyri-neft/qaz sektorunda müşahidə edilən yüksək real artım tempinin ilin növbəti aylarında da davam edəcəyi gözlənilir. 2023-cü ilin dövlət büdcəsi zərfində qeyd olunan qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,5 faizdən 4,9 faizə qaldırılmışdır. ÜDM-in real artımı 1,8 faiz olmaqla nominal ifadədə 111,6 milyard manata, habelə qeyri-neft/qaz sektoru üzrə ÜDM-in 77,7 milyard manata qədər artacağı proqnozlaşdırılır.
Eyni zamanda, 2023-cü ildə orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur.