10 C
Baku
Saturday, November 23, 2024

2022-ci ildə Azərbaycanın xidmətlər balansındakı kəsr 36 faiz azalıb – Mərkəzi Bank

2022-ci il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 14.2 mlrd. dollar təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə tədiyə balansı ilə bağlı açıqlamasında deyilir.

Bunun 7.8 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 6.4 mlrd. dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 36% azalaraq 1.4 mlrd. dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 644.5 mln. dollar (61% azalma) olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 715.2 mln. dollar (50% artım) olub.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 42.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 6 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 68.7%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 4.1 mlrd. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.9 mlrd. dollar təşkil edib.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı illik  2.5%, idxalı isə 19.6% artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ildə 2.7 dəfə artaraq 2.2 mlrd. dollar-a yüksəlib.

Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2021-ci ildə 0.8 mlrd. dollar olub. 2022-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2 dəfə artaraq 1.7 mlrd. dollar təşkil edib.

Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (892.7 mln. dollar) ixracı (823.3 mln. dollar) üstələməsi nəticəsində 69.4 mln. dollar həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 53%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2 dəfə artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 0.9 mlrd. dollar olub. Bunun 80.3%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 2.6 dəfə artaraq 48.4 mln. dollar təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 9.2% artaraq 1 mlrd. dollar olub.

Son xəbərlər
Digər xəbərlər