-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanla BVF arasında IV maddəyə dair məsləhətləşmələr davam edir

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökuməti ilə qurumun Nizamnaməsinin IV maddəsinə dair illik məsləhətləşmələri davam etdirmək üçün Azərbaycan missiyasının yeni rəhbəri Nataliya Tamirisanın başçılığı ilə nümayəndə heyətini Bakıya ezam edib.

Bunu  BVF Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.

“İyunun 27-dək fəaliyyət göstərəcək missiya Maliyyə, İqtisadiyyat, Vergi, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində, həmçinin Dövlət Neft Fondu, SOCAR, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Azərbaycan Beynəlxalq Bankı kimi qurumlarda məsləhətləşmələr aparır”, – o deyib.

Ofis rəhbəri missiyanın daha çox cari makroiqtisadi vəziyyətə, maliyyə sektorunda həyata keçirilən islahatlara, 2019-2020-ci illərə olan gözləntilərə, başlıca risklərlə bağlı cavab tədbirlərə maraq göstərdiyini diqqətə çatdırıb.

BVF ilə Azərbaycan hökuməti arasında IV maddəyə dair son məsləhətləşmələr 2017-ci ilin dekabr ayında keçirilib.

Azərbaycan 1992-ci il sentyabrın 18-dən BVF-yə üzvü olub, 1995-2005-ci illər ərzində iqtisadi islahatlara dəstək çərçivəsində bu qurumdan 577,3 milyon dollar məbləğində kredit alıb. Ötən müddət ərzində həmin kreditlərin hamısını ödəyən Azərbaycan 2005-ci ildən sonra BVF-in kreditlərinə ehtiyac duymadığından 2006-cı ildən etibarən əməkdaşlığı qurum Nizamnaməsinin IV maddəsinə uyğun məsləhətləşmələr, habelə makroiqtisadi siyasətin başlıca istiqamətləri üzrə texniki dəstək missiyaları şəklində davam etdirir.

Report

Son xəbərlər
Digər xəbərlər